Samuxda 41 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? — TƏFƏRRÜAT

KRİMİNAL 24 oktyabr 2024, 21:11
Samux rayonunda 1983-cü il təvəllüdlü Vüqar Həsənov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi, 1991-ci il təvəllüdlü Elşən Məmmədovu qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüqar 26 fevral 2021-ci ildə günorta saatlarında Samux rayonu, Sərkar kəndinin ərazisində olan kafeyə daxil olarkən həmkəndlisi Elşən Məmmədovun ona niyə salam vermirsən deyə müraciətinə “mən bariqa”ya salam vermirəm deməsinə görə aralarında sözlə mübahisəsu yaranıb. Yaranmış sözlə olan mübahisə sonrakı günlərdə də onların arasında telefon danışıqları ilə davam etdirilərək kəskinləşib. 
Nəticədə həmin ilin martın 1-də, saat təxminən 12 radələrində Vüqar Sərkar kəndinin ərazisində, Sərkar-Gəncə yolunun 4-cü kilometrliyində, “dördyol deyilən” yerdə yolun kənarı ilə piyada gedərkən Elşən Məmmədov idarə etdiyi “Vaz-2107” markalı avtomobillə ona yaxınlaşıb. Elşən avtomobili saxlayaraq avtomobildən düşmədən əvvəldən aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün onun “Kür” çayının kənarına getmək barədə verdiyi təklifə hiddətlənib. 

Vüqar Elşəni söyüb təhqir edərək ondan qisas almaq məqsədi ilə öldürmək qərarına gəlib. Bu cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə ov bıçağı ilə əvvəlcə Elşəni idarə etdiyi avtomobilin sükanının arxasında, sol bud nahiyəsinə üç dəfə bıçaq zərbələri vurub. 

Bundan sonra Elşən Məmmədov avtomobildən düşüb və Vüqarın üstünə gəlib. Vüqar cinayət törətməyə yönəlmiş hərəkətlərini başa çatdırmaq məqsədi ilə əlində olan bıçağın kəsici-deşici hissəsi ilə Elşənin bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı bıçaq zərbələri vurub. Elşən aldığı zərbələrdən vəfat edib. 

Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndiriləın şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mərhum Elşəni həmkəndli kimi tanıyıb, lakin onunla yaxın münasibətdə olmayıb: “Atası Rövşəni isə həmkəndlim kimi yaxından tanımışam və münasibətlərim normal olub. Hadisədən bir neçə gün əvvəl yaşadığımız kəndin kənarında olan çayxanaya girərkən Elşənlə rastlaşdım. Çayxanaya girən zaman Elşənə salam vermədim. Buna görə Elşən məndən salam verməməsinin səbəbini soruşdu. Elşənə mən “bariqa”ya salam vermirəm deyə cavab verdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Lakin yanımızda olan yoldaşlar bizi sakitləşdirdi. Mən çayxanadan bayıra çıxdım. Elşən də mənim arxam ilə bayıra çıxdı. Məni aramızda mübahisəni davam etdirmək üçün “Kür” çayının kənarına getməsini təklif etdi. Lakin yanımızda olan yoldaşlar bizi sakiləşdirərək evimizə yola saldılar”. 

Vüqarın sözlərinə görə, elə həmin gün axşam və sonrakı günlərdə Elşən ona dəfələrlə zənglər edib: “Mesaj göndərərək mübahisəni genişləndirərək məndən əl çəkmədi. Mən isə Elşənin dəvətlərindən qəsdən yayınaraq ona əhəmiyyət vermək istəmədim. Nəhayət martın 1-də, saat 12 radələrində yaşadığım evdən çıxdım və Sərkar kəndinin içərisində olan “dördyol” deyilən əraziyə doğru gedərkən Elşən idarə etdiyi avtomobillə gəldi. Mənim yanımdan keçərək bir az irəlilədikdən sonra yanında oturan Elçini növbəti “dördyol”da düşürərək yanıma qayıtdı. Mənə avtomaşına oturaraq “Kür” çayının kənarına getməyi təklif etdi. Mən isə Elşəndən gələn xətanı dərk edərək onu özümdən təcrid etməyə çalışdım. Buna baxmayaraq Elşən məndən əl çəkmədi. Təkidlə məni aparmaq istədi. Buna görə yolun ortasında onunla mübahisələrimiz yarandı. Mübahisə edərkən Elşən avtomobildən enmədən qabaq qapının şüşəsini bir qədər aşağı endirdi, məni bıçaqla vurmaq istədi. Bundan sonra özümdə gəzdirdiyim bıçağı cibimdən çıxararaq sükan arxasında əyləşən Elşənin sol ayağından üç dəfə bıçaqla vurdum. Hər dəfə bıçaq zərbələri ilə Elşəni ayağından vurarkən bıçaq dərinliyə işləməsin, sadəcə ona yüngül ağrı verməklə oradan getsin deyə barmağımı bıçağın uc hissəsinə qoydum. Həmin zərbələrə baxmayaraq Elşən avtomaşından yerə endi və əlində bıçaq üzərimə gələrkən özümü qorumaq məqsədilə Elşənin bədəninin müxtəlif nahiyyələrinə bıçaq zərbələri ilə vurduqdan sonra hadisə yerindən getdim. Mən hadisə yerindən gedərkən Elşəni ayaq üstə qoyaraq getmişdim. Elşən sonradan özü avtomaşını idarə etməklə hadisə yerindən getmişdi. Aradan bir neçə saat keçdikdən sonra Elşənin ölməsi xəbərini eşitdim. Bundan sonra cinayət hadisəsində istifadə etdiyim bıçaqla birlikdə Samux Rayon Polis Şöbəsinə gələrək təslim oldum”. 
İş üzrə zərərçəkmiş Elşən Məmmədovun hüquqi varisi qismində ifadə verən atası Rövşənin sözlərinə görə, oğlu Elşənlə eyni kənddə, yəni Samux rayonu Sərkar kəndində yaşamasına baxmayaraq oğlunun evi onun yaşadığı evdən bir qədər aralı məsafədə olub: “Oğlumun məşğuliyyəti əsasən əkinçiliklə bağlı olub, arvadı isə evdar qadın olub. Təxminən fevralın 25-də Samux rayon Sərkar kəndinin içərisində olan çayxanada həmkəndlilərimiz Vüqarın oğlumla “bariqa” sözü deməsinə görə aralarında mübahisə yaranıb. Oğlum Vüqara bu məsələni aydınlaşdırmaq üçün “Kür” çayının sahilinə getməyi təklif edib. Lakin orada olan şəxslər onları sakiləşdirib, onlar ayrılaraq gediblər. Bundan sonrakı günlərdə Vüqar oğlum Elşənin mobil telefonuna dəfələrlə zəng edərək onu Toğana və Qızılca yoluna dəvət edib. Nəhayət oğlum martın 1-də Vüqarla Sərkar kəndinin içərisindəki avtomobil yolunda görüşən zaman onu idarə etdiyi avtomobildən düşməyə imkan verməyib və sükan arxasında bıçaqlayıb. a Bu zaman onların yanında kimsə olmayıb. Hadisəni yalnız yaxınlıqda olan balaca bir uşaq görüb. Vüqar Elşəni bıçaqladıqdan sonra hadisə yerindən qaçaraq gedib. Elşən Vüqar tərəfindən bıçaqlandıqdan sonra yanında heç kim olmadığına görə özü avtomaşını idarə edərək Sərkar kənd orta məktəb binasının yanına kimi gəlib. Orada avtomaşını idarə edə bilmədiyi üçün saxlayıb. Həmin vaxt yaxınlıqda yaşayan Etibar adlı şəxs Elşənin avtomobilini idarə edərək onu Samux rayon xəstəxanasına çatdırıb. Oradan isə həkimlər Elşəni təcili yardım avtomaşını ilə Gəncə şəhər 3 saylı xəstəxanaya apararaq təhvil veriblər. Mən bu barədə məlumat alan kimi həmin xəstəxanaya getdim. Xəstəxanaya getdikdən az sonra oğlum vəfat etdi”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top