Qarabağda arıçılıq öyrədilə bilər —TƏKLİF

GÜNDƏM 24 oktyabr 2024, 20:40
Dövlət Məşğulluq Agentliyi Xankəndidə peşə təhsilini inkişaf etdirir. Agentliyin burada təşkil etdiyi kurslarda 300-ə yaxın müdavim peşələrə yiyələnir. Qurumdan bildirilib ki, kurslarda işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən 300-ə yaxın müdavimə tikiş avadanlıqlarının operatoru, tikişçi və yükdaşıma mütəxəssisi peşələri üzrə bilik və bacarıqlar öyrədilir. Həmçinin, kurs müddətində müdavimlərə aylıq təqaüd ödənilir. Nəzəri və praktik hissələrdən ibarət olmaqla iki növbəli təşkil olunan kursları uğurla başa vuran şəxslərin Xankəndi şəhərində istifadəyə veriləcək tikiş fabrikində işlə təmin edilməsi nəzərdə tutulub.

Sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlamasında qeyd edib ki, Qarabağda daimi məskunlaşma siyasəti aparılmalıdır: 

“Azad edilmiş ərazilərdə çox sayda şəhərlər, qəsəbələr salınacaq, daha çox əhali köçürüləcək. Nəticədə bir çox peşələrə tələbat yaranacaq. Buna görə də indidən nəinki Xankəndidə, eləcə də azad edilmiş digər ərazilərdə peşə kurslarının açılmasına ehtiyac var. Bu gün Azərbaycanda müxtəlif peşə sahələrində mütəxəssis çatışmazlığı yaşanır. Keçmişdə Qarabağın iqtisadi potensialına görə müxtəlif sahələrdə uğurlar əldə olunmuşdu. İndi də regionda həmin sahələri inkişaf etdirmək lazımdır. Bərpa və quruculuq prosesində peşə mütəxəssislərinə ehtiyac yaranır. Yüngül sənaye, usta işləri, tikinti, əkinçilik, heyvandarlıq kimi sahələrdə peşəkarların yetişməsi vacibdir. Dövlət bu işə diqqət ayırmalı, bunun üçün kurslar, peşə məktəbləri təşkil etməlidir. Arıçılıq üzrə kurslar təşkil oluna bilər, Qarabağın bu sahədə böyük imkanları var. Baytarlar lazım olacaq, həmçinin turizm, otelçilik, sahələrinin də Qarabağda inkişaf etdirilməsi turist cəlb etmək baxımından gərəklidir. Bununla orada məskunlaşan əhali iş yerləri ilə də təmin olunmuş olacaq, peşə sahibləri sosial ehtiyaclarını bu yolla özləri təmin etmiş olacaqlar”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top