"Azərbaycanın artan nüfuzu bəzi siyasi dairələri narahat edir" — AÇIQLAMA

GÜNDƏM 24 oktyabr 2024, 18:54
 “COP29 tədbiri ərəfəsində ölkəmizə qarşı beynəlxalq arenada sivil dövlətlər tərəfindən təzyiqlər edilməsi yolverilməzdir. Bəzi dövlətlər Azərbaycanın dünyada hər gün artan nüfuzunu qəbul edə bilmir. Xüsusilə Azərbaycanın II Qarabağ müharibəsində qazandığı parlaq qələbə, Azərbaycanın antiterror tədbirləri ilə öz suverenliyini bərpa etməsi və Qarabağ münaqişəsinə son qoyması bu dövlətləri, eləcə də bəzi siyasi dairələri narahat edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov qeyd edib. S.Hümbətov söyləyib ki, ölkəmizə qarşı qarayaxma kampaniyası davam etdirilir:

“Azərbaycanın inkişaf etməsi, iqtisadi, ticari əlaqələri möhkəmlətməsi, özünə dost, tərəfdaş qazanması, dünya əhəmiyyətli mühüm məsələlərdə Azərbaycanın fikirlərinə hörmət edilməsi, irəli sürdüyü təşəbbüslərin reallaşdırılması bəzi dairələr tərəfindən qəbul edilmir. Saxta ittihamlar irəli sürülməsinə baxmayaraq Azərbaycan Respublikası bu gün dünyada, xüsusilə də Cənubi Qafqaz regionunda aparıcı aktora çevrilib, Azərbaycanın sözü, mövqeyi ilə hesablaşılır. Qondarma iddialara, təzyiqlərə baxmayaraq, Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29 kimi bir çox beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edəcək. Azərbaycanın yüksək təşkilatçılığı bütün dövlətlər üçün nümunədir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top