Bakıda 34 yaşlı kişi arvadını döydü

KRİMİNAL 24 oktyabr 2024, 17:55
Bakının Xətai rayonunda 1990-cı il təvəllüdlü Vüsal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zeynəbə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, evə gec gəldiyinə görə arvadı Zeynəb ilə aralarında mübahisə baş verib: 

“Bu mübahisə zamanı Zeynəbi 1 dəfə şillə vurdum. Hadisə yaşadığımız evdə baş verdi. Hadisədən sonra Zeynəb valideynlərinin evinə getdi. Onunla barışmağa cəhd etmişəm. Lakin Zeynəb barışmaq istəməyib. Hazırda törətdiyim əməldən çox peşmanam”. 

İş üzrə zərərçəkmiş Zeynəbin sözlərinə görə, hadisədən əvvəl atasının səhətinin pisləşməsi ilə əlaqədar əri Vüsaldan icazə alaraq atasıgilə gedib: 

“Axşam vaxtlarında evə qayıdanda Vüsal məndən kimdən icazə aldığımı dedi və məninmlə mübahisə edərək evdən getdi. Daha sonra Vüsal səhərə yaxın sərxoş vəziyyətdə evə gəldi. Harada olması barədə soruşanda Vüsal bir dəfə yumruqla məni vurdu. Daha sonra isə uşaqlar oyandı və Vüsal məni yenə vurmağa davam etdi. Vüsal bir dəfə üzümə yumruqla vurdu. Sonra isə şillə ilə vurmağa davam etdi. 15 ildir ki, Vüsalla evliyəm. Bu müddətdə Vüsal məni dəfələrlə vurub. Hazırda onunla boşanmaq istəyirəm. Aramızda barışıq mümkün deyil”. 

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Vüsal 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış sahəsində evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top