25 oktyabr Qubadlı şəhəri günüdür

SİYASƏT 24 oktyabr 2024, 17:50
“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev.

Qubadlı rayonu 14 mart 1933-cü ildə yaradılmış, inzibati mərkəzi Qubadlı şəhəridir. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati ərazi dairəsi aiddir. Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 404 km-dir. Qubadlı toponimi Qubadlı tirəsinin adı ilə bağlıdır. Qubadlı adı Şirvanşah Şeyx İbrahim Dərbəndinin babasının adı KeyQubadın adı ilə bağlıdır. Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırki Qubadlı rayonu 18-ci əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Lakin sonralar Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti nəticəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir. Hələ indiyə qədər Bərgüşad toponimi tamamilə dəqiq izah olunmayıb. Bir çox tədqiqatçılara görə, birinci komponenti təşkil edən bərgü sözü qədim türk mənşəli barq tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrinə görə, bərgülər monqol işğalından xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar. Toponimin tərkibindəki şad/şat sözü isə bir növ cəmlik bildirir. Bərgüşad dağları, Bərgüşad çayı, Bərgüşad çökəyi toponimləri “bərgülərin dağı”, “bərgülərin çayı”, “bərgülərin çökəyi” mənasındadır. 15-ci əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir. Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub.

Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir. Bazarçay (Bər-güşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir. Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Əsas bitki örtüyü  kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri ( fıstıq, palıd, vələs və s.) var. Meşələrinin sahəsi 13,2 min hektar, heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dov-şan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s var. İqlimi əsasən mülayim isti və quru subtropikdir.

Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 

2020-ci ildə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında Qubadlı rayonun işğaldan azad edilməsində əhəmiyyətli dönüş nöqtəsi olmuşdur. Həmin bu tarixi gündə Qubadlı rayonu ordumuzun peşakarlığı sayəsində düşməndən təmizləndi. Bu gün ölkə tarixinə Qubadlı şəhəri günü kimi yazıldı. Bu uğurda canından keçən, bununla yanaşı olaraq, müharibədə iştirak edib, şəxsi igidlik və şücaət göstərmiş 15209 hərbi qulluqçu “ Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Sutunxanım Haşımova
Vətən Müharibəsi şəhidi Haşımov Fuad Ceyhun oğlunun bacısı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top