Bakıda 16 yaşlı oğlan tanışını bu səbəbdən bıçaqladı

KRİMİNAL 24 sentyabr 2024, 16:13
Bakıda 2008-ci il təvəllüdlü Əmrah şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Mərdana (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əmrah 2023-cü ilin mayın 15-də tanışı Mərdanın 2-3 gün müddətində qaytaracağını vəd edərək 15 manat nağd pul borca götürüb. 

Lakin vəd verdiyi müddətdə pulu qaytarmadığı üçün Mərdan mobil telefondan Əmrahla atasının  foto şəkillərini “TikTok” sosial şəbəkəsində paylaşaraq onların ünvanına nalayiq sözlər yazması səbəbindən 12 avqust 2023-cü ildə, saat 17 radələrində görüşüb. Yaranmış narazılığa aydınlıq gətirilərkən Əmrah üzərində gəzdirdiyi bıçaqla Mərdanın qarın nahiyəsindən bir dəfə vurub. 
Hadisəni törədən Əmrahın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əmrah ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hazırda heç bir yerdə işləmir, lakin hadisə baş verən zaman hamamda ofisiant işləyib: “Mən 9-cu sinifədək Masallı rayonunda orta məktəbdə təhsil almışam. 2 ildən çoxdur ki, valideynlərim ilə birlikdə Bakı şəhərinə köçərək Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi evdə kirayədə yaşayıq. Əvvəllər hər hansı bir cinayət hadisəsi törətməmişəm. Heç bir xəstəliyim yoxdur. Hər hansı bir xəstəliyim ilə bağlı tibb müəssələrində qeydiyyatda deyiləm. Təxminən 3 ay əvvəl Suraxanı rayonu, Günəşli qəsəbə yolunun kənarında yerləşən “Topqapı” hamamında ofisiant işləmişəm. Hazırda isə Xətai rayonu, 8 Noyabr prospektinin yaxınlığında yerləşən mebel sexində işləyirəm. Zərərçəkmiş Mərdanı işlədiyim hamamın müştərisi kimi tanımışam. Onunla münasibətlərim normal olub”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 15 may 2023-cü ildə rayona getmək üçün pulu olmadığına görə Mərdandan 15 manat borc pul alıb, 2-3 gündən sonra maaşını alanda geri qaytaracağına söz verib: “Lakin Mərdandan 15 manat pulu borc aldığım günün səhəri günü hazırda yadımda qalmayan və sındıraraq atdığım mobil telefon nömrəmə zəng edib bir gün əvvəl borc verdiyi 15 manat pulu geri qaytarmağımı tələb etdi. Mən də hazırda pulum olmadığına görə 15 manat pulu geri qaytara bilməyəcəyimi, söz verdiyim kimi 2-3 gündən sonra qaytara biləcəyimi dedim. Bu məzmunda danışdığımıız zamanı Mərdanın ünvanına nalayiq söyüşlər işlətdim. Mərdan da mənim ünvanıma nalayiq söyüşlər söydü. Mən də cavab olaraq bildirdim ki, eybi yoxdur, tapsa pis olacaq. Bundan sonra aramızda danışığımız olmadı”.

Əmrah qeyd edib ki, danışdıqları günün səhəri günü, yəni təxminən 2023-cü ilin aprel ayının əvvəllərində istifadəsində olan mobil telefonun “WhatsApp” profilinə qoyduğu atası ilə birlikdə olan fotoşəkilləri Mərdan götürüb və “Tik tok” sosial şəbəkəsində paylaşıb, hər ikisinin ünvanına nalayiq söyüşlər qeyd edib: “Mən də Mərdanın qeyd etdiklərini gördükdən sonra onun istifadəsində olan mobil nömrəsinə zəng etdim və “Tik tok” sosial şəbəkəsində atamın, həmçinin də özümün şəkillərini paylaşdığını, eyni zamanda ünvanımıza söyüşlər qeyd etdiklərinə iradımı bildirdim. Mərdana dedim ki, bu dəfə onu tapsam vuracam. Bundan sonra Mərdan nömrəmi qara siyahıya atdı. Ona görə də bir daha onunla danışa bilmədim”. 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2023-cü ilin avqustun 12-də, saat 16:21-də Xətai rayonu, NZS qəsəbəsi, “Gəncə” mərasim evinin arxa hissəsində yerləşən nömrəsini bilmədiyi nənəsinin yaşadığı evdə validedynləri ilə birlikdə olduğu zaman atasının istifadəsində olan mobil nömrədən Mərdanın istifadəsində olan mobil nömrəsinə zəng edib: “Mərdanla danışaraq görüşə dəvət etdim ki, özümün və atamın şəkillərini “Tik tok” sosial şəbəkəsində paylaşaraq işlətdiyi söyüşlərin səbəbini aydınlaşdırım. Mərdan görüşməyə razılıq verdi və “Günəş” marketin qarşısına dəvət etdi. Mən də “Günəş” marketin yanında Mərdanla görüşdüm. Ona bildirdim ki, gözləsin, yaxınlıqda yerləşən “Oba” marketdən su alaraq gəlirəm. Ancaq marketə getməkdə məqsədi mbıçaq alaraq Mərdanı vurmaq olub. Ona görə də “Oba” marketdən 1 ədəd mətbəx bıçağı aldım və şalvarının kəmərin altına qoyaraq üstünü əynimdə olan qısaqol idman köynəyi ilə örtdüm. Marketdən çıxaraq birbaşa Mərdanın yanına gəldim. Ondan soruşdum ki, ünvanıma söydüyün söyüşlərin cavabını verə bilərmi?. Mərdan da “yox” deyə cavab verən zaman kəmərimə keçirtdiyim bıçağı götürdüm. Bir dəfə Mərdanın qarnının sağ tərəfindən vurdum. Mərdan dərhal bundan sonra qaçaraq yaxınlıqda yaşadığı evə girdi, qapını bağladı”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Mərdanın sözlərinə görə, təqsirləndirilən Əmrhı tanıyır, onunla ədavəti və düşmənçiliyi olmayıb: “Mənim 33 yaşım var, bacım Samirənin ailəsi ilə birlikdə yaşayıram. Xətai rayonu, Babək prospektinin kənarında yerləşən “Topqapı” hamamına tez-tez gedirdim. Əmrahla həmin hamamda tanış olmuşam. Əmrah həmin hamamda ofisiant işləyib”. 

Zərərçəkmiş qeyd edib ki, mayın 15-də Əmrah ona mesaj yazıb və Masallı rayonunda olduğunu qeyd edib: “Məndən 15 manat borc pul istədi ki, həmin günü rayondan Bakı şəhərinə gələcək və saat 18-də borc aldığı 15 manat pulu kart hesabıma göndərəcək. Mən də etiraz etmədim və Əmrahın göndərdiyi kart hesabına 15 manat pul köçürdüm. Lakin həmin günü saat 18-də Əmrah borc aldığı 15 manat pulu geri kartıma ödəmədi. Bu səbəbdən Əmraha zəng edərək borc aldığı 15 manat pulu nə üçün kart hesabıma köçürmədiyinin səbəbini soruşdum. Əmrah da problemləri olduğunu deyərək 1-2 gün gözləməyi xahiş etdi. Mən də Əmrahın xahişini nəzərə aldım və onu gözlədim. Ancaq 2-3 gün keçməsinə baxmayaraq Əmrah yenə də 15 manat pulu kart hesabıma köçürmədi. Bu səbəbdən Əmraha mesaj yazdım ki, nə üçün borc aldığı 15 manat pulu köçürmür. Əmrah da cavabında məni təhqir etdi. Onun bu hərəkətindən qəzəblənərək  atasıma mesaj yazdım ki, oğlu 15 manat borc pul alıb, amma geri qaytarmır. Əmrahın atası da nalayiq sözlər yazaraq nömrəmi blokladı ki, onunla əlaqə saxlamayım. Məcbur qalaraq Əmraha mesaj yazdım ki, gizlənməsin, onsuz da yaşadığı qəsəbəni bilirəm, tapıb pulumu alacam”. 

Zərərçəkmiş bildirib ki, avqsutun 12-də Əmrah ona zəng edib və harada olduğunu soruşaraq 15 manat pulu qaytarmaq istədiyini deyib: “Mən də kirayədə yaşadığım  ünvana gəlməyini bildirdim. Əmrah da yaxınlıqda olduğunu, qısa zamanda gələcəyini dedi. Təxminən 20-25 dəqiqə keçəndən sonra Əmrah yaşadığım ünvanın yaxınlığına gəldi. Görüşmək üçün əlimi uzatdığım zaman Əmrah belindən bıçaq çıxararaq bir dəfə qarın nahiyyəmdən vurdu. Dərhal qaçıb yaşadığım mənzilə girdim, qapını bağladım. Buna baxmayaraq Əmrah arxamca gəldi, qapını açmağa cəhd etdi. Hətta bıçağı ilə qapının kilidini açmağa çalışdı, lakin bunu edə bilmədi. Oradan polis və təcili yardıma zəng etdim. Yalnız bundan sonra Əmrah evimdən uzaqlaşdı”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əmrahın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2024, 17:23
Top