Küləkli hava davam edir — Təhlükəsizlik tədbirləri görülməlidir

GÜNDƏM 24 sentyabr 2024, 18:57
 Ölkə ərazisində sentyabrın 24-ü gündüzdən başlayan küləkli hava sabah axşamadək davam edəcək. Bakıda və Abşeron yarımadasında, o cümlədən bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Küləyin sürəti 13.9-20.7 m/san təşkil edir.

Küləkli havalarda təhlükəsizlik mövzusu gündəmə gəlir. Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, belə günlərdə bəzi təhlükəsizlik qaydarına riayət olunmalıdır:

“Küləkli hava şəraiti bir çox problemlər yarada bilər. Güclü külək əsən zaman ağaclara ziyan dəyir, elektrik dirəkləri aşır. Küləkli hava şəraitində təhlükəsizlik qaydalarına əməl olunmaması ciddi fəsadlara gətirib çıxara bilər. Hava şəraiti ilə xəbərdarlıq edirlirsə, deməli vəziyyətin ciddiliyi nəzərə alınmalıdır. Bütün iş sahələrində aidiyyəti üzrə təhlükəsizlik tədbirləri görülməlidir. Bəzi istehsalat sahələrində, tikintidə, inşaatda iş qrafikində dəyişiklik etmək zəruri ola bilər. Bununla bağlı müəssisi əvvəlcədən plan tərtib edib təsdiq etməlidir. İşdə küləyin səbəb ola biləcəyi rikslər nəzərə alınmaqla müvafiq qabaqlayıcı addımlar atılmalıdır. Aşma, uçma təhlükəsi olan avadanlıqlar, qurğuların yeri dəyişdirilməli, yanma, alışma ehtimalı olan materiallar, əşyalar, habelə tullantılar, kimyəvi maddələr təhlükəsiz yerə qoyulmalıdır. Küləkli hava daha çox tikintidə bədbəxt hadisələrə səbəb ola bilər. Bu zaman inşaat işi müvəqqəti olaraq dayandırılmalıdır. İşçilərin həyat və sağlamlığınını qorunması üçün onlar lazımi ləvazimatlarla təmin olunmalıdırlar. Təhlükəsizlik kəməri və digər qoruyucu vasitələrdən istifadə edilməlidir. Müdiriyyəti işçilərin həyat və sağlamlığını düşünməli və müvafiq tədbirlər görməlidir. Tikinti gedən ərazilərdə qoruyucu sipərlərdən və torlardan istifadə etmək lazımdır. Bu, yuxarıdan tikinti materiallarının, dəmir, taxta, şalban və s. düşüb kiminsə xəsarət almasının qarşısını almaq üçündür”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top