“Dövlət qurumları məlumatları gecikdirdiyi üçün dezinformasiya baş alıb gedir...”

MEDİA 24 sentyabr 2024, 18:17
 Xəbər verdiyimiz kimi, Daşkənddə Azərbaycan-Özbəkistan Media Forumu keçirilib. Forumda müzakirə mövzularından biri də dezinformasiya ilə mübarizə üçün cəmiyyətin məlumatlandırılmasının vacibliyi olub. Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarov çıxışında deyib ki, dezinformasiya ilə əsas mübarizə üsullarından biri ictimaiyyətin məlumatlandırılmasıdır. 

Mövzuya sosioloq, jurnalist Elçin Bayramlı da münasibət bildirib. E.Bayramlı Demokrat.az-a açıqlamasında söyləyib ki, ənənəvi medianı sosial media əvəz etdiyi üçün dezinformasiyalar günümüzdə çox yayılmağa başlayıb: 

“Bu sahədə heç bir rıçaq qalmayıb demək olar ki. medianın cəmiyyətə, kütlələrə təsir imkanları itirilib, onun yerini sosial şəbəkələr tutub. Belə bir halda dezinformasiya, saxta məlumatlar yayılacaq təbii ki. Bunun digər bir səbəbi də odur ki, dövlət qurumları, rəsmi təşkilatlar hər hansı bir hadisə baş verdikdə o barədə açıqlama verməyi gecikdirirlər, səbəbini gizlədirlər. Bu da şayiələrin yayılmasına gətirib çıxarır, hər kəs hardan nə eşidirsə, yaymağa başlayır və ictimai mühit belə formalaşır. 44 günlük müharibə dövründə də bunun şahidi olduq.  Bu problemin yeganə həlli yolu şəffaflıq, dövlət müəssisələrində, orqanlarında informasiya işinin yüksək səviyyədə təşkili, onların ictimaiyyətlə birbaşa əlaqə yaratması, interaktiv şəkildə operativ məlumatlar çatdırmasıdır. Bu olmasa, sosial şəbəkələrdə əsassız xəbərlər baş alıb gedəcək. Cəmiyyət özü savadlı olsa, saxta məlumatı seçə bilər, təəssüf ki, bizdə belə deyil. Düşünürəm ki, şəffaf, doğru mənbələrdən məlumatlar yayılsa, dezinformasiyaya yer qalmayacaq”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top