“BakıKart”la bağlı problemlər Bakı Nəqliyyat Agentliyinin yarıtmaz siyasətinin nəticəsidir — AÇIQLAMA

GÜNDƏM 24 sentyabr 2024, 17:18
Artıq iki aya yaxındır ki, “BakıKart” tətbiqi işləmir. Bir il öncə fəaliyyətə başlayan tətbiqə iki aydır daxil olmaq mümkün deyil. İlk vaxtlarda nasazlığın 2-3 gün ərzində aradan qaldırılacağı deyilsə də, problem hələ də qalmaqdadır. Bu isə vətəndaşların ciddi narazılığına səbəb olur? Bəs, bu məsələ nə zaman öz həllini tapacaq?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, “BakıKart”la bağlı problemlər Bakı Nəqliyyat Agentliyinin vaxtilə yarıtmaz siyasətinin nəticəsidir:

“ Mən bilirdim ki, bir neçə müddət sonra “BakıKart” sistemi bir gün çökəcək. Çünki Bakı Nəqliyyat Agentliyi həmin sistemi sağlam təməl üzərində qurmamışdı. Bu sistemi quran Türkiyəyə məxsus bir şirkət idi. Şirkəti incitdilər, gah pullarını kəsdilər, gah başlarına  min bir oyun açdılar. Şirkətlə düzgün əməkdaşlıq qurmadılar, düzgün müqavilə bağlamadılar.  Üzərlərinə heç bir öhdəlik qoymadılar. Nəticədə bu proses belə baş verdi.  Düşünürəm ki, AYNA bu problemi qısamüddətdə həll etməyə çalışırsa, bunu səbrlə, təmkinlə gözləmək lazımdır. Başqa variant yoxdur. Ancaq vətəndaşlara dəyən ziyanı qarşılamaq lazımdır. Çünki vətəndaşı bu problemi hansı qurumun yaratdığı maraqlandırmır. Vətəndaş öz rahatlığını təmin etmək istəyir. Bu məsələləri vətəndaşlar üçün faydalı formada həll etmək lazımdır. Mümkün qədər tezləşdirsələr yaxşı olar. Amma bu texniki məsələdir. Azərbaycan tərəfindən asılı olan bir məsələ deyil. Türkiyə tərəfindən hansısa bir ciddi texniki problem yaranıb deyə onu həll etməklə məşğuldular. Ümid edirəm ki, problem aradan qalxandan sonra AYNA vətəndaşların da könlünü alacaq bir addımlar atacaq ki, insanlar bir daha narazılıq etməsinlər”.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən saytımıza verlən məlumata görə, “BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir:
“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etmək xahiş olunur”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2024, 17:23
Top