Nazirlikdə işləyən kişinin oğlu iki dəfə intihara cəhd etdi, sonda isə... — TƏFƏRRÜAT

KRİMİNAL 23 sentyabr 2024, 17:48
Bakının Qaradağ rayonunda 1965-ci il təvəllüdlü Ramiz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı oğlu Hafizə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində baş verib. Ramiz yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evində oğlu Hafizin mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi və həmin vaxtda da növbəti dəfə narkotik vasitə qəbul edərək onu və ailə üzvlərini təhqir etməsindən hiddətlənib. 

Ramiz kişi qisas niyyətilə oğluna xəsarət yetirmək məqsədilə mətbəxə keçərək oradan götürdüyü bıçaqla onun sinə nahiyyəsindən və sağ qulaq ətrafı nahiyyəsindən zərbələr endirib.

Hadisəni törədən Ramizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramiz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, nazirliklərdən birində sürücü işləyib, zərərçəkmiş Hafiz onun böyük oğludur: “Hadisə günü evə gəldim. Evə daxil olan zaman oğlum Hafizi gördüm. Ondan nə zamana kimi işləməyəcəyini soruşdum. Oğlu həbsxana həyatı yaşadığı üçün heç kimin ona iş vermədiyini bildirdi. Bundan sonra bizim aramızda mübahisə başladı. Hafizin köynəyinin yaxasından tutaraq onu silkələdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Hafiz mətbəxə, orada da öz otağına keçib: “Az sonra həyat yoldaşım və qızım Hafizin otağında səs eşitdiklərini bildirdi. Bundan sonra dərhal onun otağına yaxınlaşdıq. Qapıya yaxınlaşdıqda Hafizin qapının dəstəyini tutaraq dayandığını gördüm. Bundan sonra Hafiz başı ilə qapının şüşəsini sındırdı. İçəri girdikdə Hafizin əlindəki bıçaqla özünə xəsarət yetirdiyini gördüm. Əvvəlcə Hafizə tibbi yardım göstərilməsi üçün “103” qaynar xəttinə zəng etdik. Bundan sonra vaxt itirməmək üçün Hafizi baldızımın oğlunun avtomobilinə mindirərək xəstəxanaya doğru yola düşdük. Bu zaman avtomobildə həyat yoldaşım da olub. Qızıldaş qəsəbəsində “Qızıldaş” sözü yazılan yerdə təcili tibbi yardım avtomobili qarşımıza çıxdığı üçün dərhal Hafizi həmin avtomobilimə qoyduq. Oradan Hafizi 1 saylı şəhər Klinik Xəstəxanasına apardıq. Mən də xəstəxanaya getdim. Nəvələrim və qızım evdə tək olduqları üçün evə qayıtdım”. 

Təqsirləndirilən şəxs hirsli və içkili olduğundan, həmçinin Hafizin özünə xəsarət yetirməsi səbəbindən tutulmasından qorxduğu üçün ona bıçaqla xəsarət yetirməsi barədə ifadə verib. O, sonda ailəsini özünün dolandırdığını bildirib, barəsində tətbiq ediləcək cəzanın şərti hesab edilməsini xahiş edib. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Hafizin sözlərinə görə, atası Ramizlə aralarındakı münasibət  hərbi xidmətdən qayıtdıqdan sonra pisləşməyə başlayıb: “Aramızda sözlü mübahisələr dəfələrlə olub. Mübahisələrin yaranmasına səbəb isə mənim işləməməyi və pis vərdişlərinin olması idi. Heç bir yerdə işləmədiyi üçün pul lazım olan zaman anamdan istəyirdim. Bu Ramizin xoşuna gəlmirdi. Ramiz yük avtomobili sürücü olduğu üçün 4-5 günlük reysdə olur, evə gec-gec gəlirdi”. 

Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat 17 radələrində evdə olan zaman Ramiz evə gəlib: “Ramiz evə daxil olan kimi ilkin olaraq mənimlə mübahisə etməyə başladı. Ramiz mənə “nəyə görə işləmirsən, evdə olursan, avaraçılıq edirsən” dedi. Bunun qarşılığında əsəbləşərək atam Ramizə “məni bezdirmisən, bu söhbətlərdən” dedim. Daha sonra əsəblərimi cilovlaya bilmədim, yaşadığım evin mətbəxində olan bıçağı götürdüm. Bıçaq ilə qonaq otağına tərəf getdim. Qonaq otağının giriş hissəsində duraraq əlimdə olan bıçaq ilə sinə nahiyəmdən xəsarət yetirdim. Ölmədiyimi və huşumun yerində olduğunu anladığım üçün başını qapının şüşəsinə vurdum. Boğaz nahiyəmdən xəsarət aldım. Bıçağı yerə ataraq evdən çıxdım. Yaşadığımız binanın qarşısına çıxdım. Mənimlə eyni məhəllədə yaşayan şəxsin avtomobilinə əyləşdim, ata və anam ilə birlikdə xəstəxanaya getdik”.

Zərərçəkmiş bildirib ki, aşkar olunan xəsarətləri özü-özünə yetirib, özü sağ əlindəki bıçaq ilə sinə nahiyəsinə zərbə endirib və digər bədən xəsarətləri barəsində heç bir məlumatı olmayıb: “Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etməmişəm. Bundan başqa cinayət işinin ilkin istintaqı zamanı ilk ifadəmi xəstəxananın reanimasiya şöbəsində vermişəm. Həmin ifadəm də bu məzmunda olub. Mən əvvəllər özümü kəndirlə boğazımdan asaraq və biləklərimi kəsərək özümü öldürməyə cəhdlər etmişəm. Mənim psixi problemlərim var”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ramizin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il müddətinə sınaq olmaqla 3 il şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top