Mahnı sifarişi üstündə dava: 1 nəfər xəsarət aldı, bir nəfər isə...

KRİMİNAL 24 sentyabr 2024, 12:30
Masallı rayonunda 1996-cı il təvəllüdlü Munis şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Nemətə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Munis Masallı şəhəri, “Azərbaycan” prospektində yerləşən tanışının işlətdiyi “TT” çay evində olarkən həmin vaxt orada olan əvvəllər tanımadığı Masallı rayonu Bala Təklə kənd sakini Nemətin mahnı sifariş verərək oynamasını özünə və ətrafında olan şəxslərə qarşı saymazlıq, qərəzli münasibət hesab edib. 

Munis çay evinin içərisində Nemətlə sözlə mübahisə edib. Həmin vaxt ətrafında olan tanışları onları ayırdıqdan sonra çay evini tərk edən Nemətin arxasıyca gedərək onunla çay evinin qarşısında mübahisə edib. Onun ünvanına söyüşlər söyməklə təhqir edib. 

Daha sonra Mumis Nemətə qarşı zor tətbiq edərək yumruqla onun burun nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. Onu yerə yıxaraq müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Munisin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nemətin sözlərinə görə, yolda həmkəndliləri Kənan, Nərsir və Qasimlə rastlaşıb və onlara birlikdə çay içməyi təklif edib: “Həmin şəxslərdə mənim təklifim ilə razılaşdıqları üçün birlikdə çay içmək üçün “TT” çay evinə getdik. Çay evinə gəldikdən sonra mənimlə birlikdə gəlmiş şəxslər özlərinə içmək üçün çay sifariş etdilər. Mən isə bir bakal pivə sifariş etdi. Çay evində müsiqi səsləndi və biz rəqs etdik. Bizim rəqs etməyimiz Munis və yanında olanlara pis təsir etmdi. Çünki həmin vaxt Munis tək olmamışdı, yanında təxminən 6-7 nəfər şəxs olmuşdu. Bizim rəqs etməyimiz həmin şəxslərə pis təsir etdiyindən aramızda mübahisə oldu və yüngülcə əlbəyaxa olduq”.

Nemət qeyd edib ki, həmin vaxt mübahisələri 3-5 dəqiqə davam etdi: “Çay evində təxminən 25-30 nəfər şəxsin də ayrı-ayrı masalarda oturaraq çay və pivə içib müsiqi dinlədiklərini gördüm. Daha sonra çay evindən çıxmaq istədiyimiz zaman həmin şəxslərdən biri bizə söz ataraq “özünü yaxşı apar” dediyini eşitdim. Mən geri qayıdıb onlara “nəsə problem var” sözünü dedim. Həmin vaxt Munis mənə “sən problem həll edənsən” sualını verdi. Mən də Munisə özümə aid problemi özünün həll edə bildiyimi dedim. Daha Sonra Kənan, Qasim və Nəsirə çay evindən çıxıb avtomobilə getməyimizi, özümün də hesabı ödəyib gələcəyimi bildirdim. Mən hesabı ödəyib çay evindən çölə, yəni həyətə çıxdım. Çay evinin həyətində həmin şəxslərlə mübahisəmiz davam etdi. Daha sonra mənə təpik atdılar. Mən də qarşılıq verdim. Sonra isə Munis burnuma yumruq vuraraq burnumu sındırdı və müvazinətimi itirərək yerə yıxıldım. Bu zaman Munis yanında olan 6-7 nəfər şəxslə bədənimin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurmağa başladı. Daha sonra həmin şəxslər getdilər. Bundan sonra hadisəni uzaqdan görən həmkəndlilərim Qasim, Nəsir və Kənan yanıma gəldilər. Məni yerdən qaldırdılar və məndən kimin vurduğunu soruşdular. Mən isə həmin şəxsləri tanımadığımı, üzdən görəcəyim zaman tanıyacağımı dedim”.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Munis ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Onun sözlərinə görə, Nemətin həmin vaxt onunla mübahisəsi olub: “Daha sonra Tərlanla mübahisə etdim. Nemət mənimlə mübahisə edən zaman bir-birimizi itələdik. Lakin mən Neməti vurmamışam. Nə kafenin içində, nədəki çölündə. Nemətlə mübahisə etmiş olsaqda, bir-birimizi söyməmişik. Kafenin çölündə olan konfiliktindən xəbərim yoxdur. Ola bilsinki Nemət havanın dumanlı olması səbəbindən mənim onu vurduğumu deyə bilər. Çünki dostlarımın dediyinə görə həmin vaxt hava dumanlı olub. Lakin Neməti vurmamışam. Nemətlə kafedə aramızda olan mübahisə müsiqinin səsi və olan səs-küylə bağlı olub. Nemətlə hər hansı bir düşmənçiliyim yoxdur. Mən kafedən çıxdığım zama Nemətin yerdə yıxılmış vəziyyətdə olduğunu görmüşəm. Mən Neməti vurmadığım halda, etmədiyim əmələ görə əgər üzr istəmək lazımdırsa, üzr istəyirəm”. 

Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Munis aylıq qazancından 10 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 3 ay müddətə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top