Çimərlikdə gənc oğlan sevgilisinə xəsarət yetirdi —TƏFƏRRÜAT

HADİSƏ 24 sentyabr 2024, 12:43
Bakının Sabunçu rayonunda 1999-cu il təvəllüdlü Mehdi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı sevgi münasibətində olduğu Könülə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etiyi məlumata görə, hadisə bu ilin iyulun 22-də, saat 18:30 radələrində baş verib. Mehdi qeyri rəsmi münasibətdə olduğu Könül ilə Bilgəh qəsəbəsindəki “Şəbəkə” çimərliyinin dayanacağında saxladığı etibarnamə ilə idarə etdiyi “Hyundai Elantra” markalı avtomaşının içərisində qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən onun üz nahiyəsindən bir dəfə şillə vurub. Nəticədə Könül xəsarət alıb. 

Hadisəni törədən Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, saat 13:00-da qeyri-rəsmi münasibəti olduğu Könül ilə idarə etdiyi “Hyundai Elantra” markalı avtomaşınla Bilgəh qəsəbəsində yerləşən “Şəbəkə” çimərliyinə gedib: “Bir qədər dənizdə istirahət etdikdən sonra saat təxminən 18:30-da dənizdən çıxaraq avtomaşına yaxınlaşdıq. Əvvəlcədən birgə dənizdə olarkən Könülə tanımadığım şəxsə baxdığı üçün əsəbləşdim. Könüllə aqressiv danışdım. Bu zaman Könül məndən nə baş verdiyini soruşdu. Ona olanları danışdım və aramızda buna görə mübahisə yarandı. Mübahisə zamanı əsəbləşdim. Könülün ona irad bildirməsini qəbul etmədiyi üçün əlim ilə onun sol üz nahiyəsindən bir şillə vurdum. Bundan sonra Könül avtomaşından düşərək uzaqlaşdı. Aramızda baş vermiş hadisə təxminən 1-2 dəqiqə davam etdi. Bu hadisənin kənarda şahidlik edən olmayıb. Törətdiyim əməldən səmimi peşmanam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Könülün sözlərinə görə, hadisə günü, saat 13:00-da qeyri-rəsmi münasibəti olduğu Mehdi ilə birgə istirahət üçün Bilgəh qəsəbəsində yerləşən “Şəbəkə” çimərliyinə gedib: “Həmin çimərlikdə bir qədər istirahət etdikdən sonra saat 18:30-da geri qayıtmaq məqsədi ilə Mehdinin idarə etdiyi avtomaşına əyləşdik. Avtomaşında qısqanclıq zəminində yaranmış mübahisə zamanı Mehdi əsəbi halda əli ilə sol üz nahiyəmdən bir şillə ilə vurdu. Mehdinin bu hərəkətindən əsəbləşdiyim üçün avtomaşından düşərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Hadisə Mehdinin idarə etdiyi avtomaşında baş verdi və avtomaşında başqa heç kim olmayıb. Hadisə təxminən 1-2 dəqiqə davam etdi. Mehdi ilə barışmışam, ona qarşı heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Mehdinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top