Bəhruz Məhərrəmov : “Prezidentin verdiyi bəyanatlar suverenliyə gedən yolda Azərbaycanın hədəfə çatmasını göstərən tarixi yekun sayılmalıdır”

SİYASƏT 24 sentyabr 2024, 15:08
“Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı tarixi çıxışı  Azərbaycanın güc, qüdrət və imkanlarının inikas olunduğu və ölkəmizin diktə edən hərbi-siyasi güc kimi nüfuzunun bir daha əks olunduğu reallıqların bəyanı hesab olunmalıdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib. O bildirib ki, xüsusən də Vətən müharibəsində və antiterror tədbirlərində qələbəsindən sonra yaranmış yeni reallıqda beynəlxalq hüququn aliliyini təmin etməklə regionda yeni tarixi inkişaf mərhələsi başladan Azərbaycanın diktə edən hərbi-siyasi güc kimi rolu möhtərəm Prezidentin qeyd olunan çıxışında konseptual şəkildə əks edildiyi üçün bu nitq geosiyasi əhəmiyyətə malikdir və yalnız Azərbaycanın yox, bütövlükdə regionun inkişafının konseptual əsaslarını müəyyən edən yol xəritəsi hesab olunmalıdır:

“Dövlət başçımız çıxışı ilə Azərbaycanın və bütövlükdə regionun təhlükəsizlik konfiqurasiyasından tutmuş münasibətlər, iqtisadi, siyasi, sosial aspektlər də daxil, bütövlükdə ümumbəşəri maraqları ehtiva edən bütün sferaları əhatələyərək həm də əslində bölgədə sülh və sabitliyin əsaslanacağı konfiqurasiyanın sərhədlərini dəqiqləşdirmiş oldu. Lakin aydındır ki, çıxışda əsas diqqət regionun təhlükəsizlik arxitekturasına yönəldi və bu proseslər daha çox Azərbaycanla Ermənistan və Qərb imperializiminin Azərbaycana münasibəti üzərində təhlil edildi. Bundan başqa, VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi ölkə tarixində dövlətin bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk Parlament olduğu üçün açılış iclasında dövlət başçısının verdiyi bəyanatlar həm də suverenliyə gedən yolda Azərbaycanın hədəfə çatmasını göstərən tarixi yekun sayılmalıdır. Bu çıxış həm də dövlətçilik tariximizdə yeni mərhələnin başlanmasını göstərən tarixi transformasiya hesab oluna bilər”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top