“Dəyişən iqlimə daha dayanıqlı sortlar yetişdirilməlidir” — İqtisadçı kənd təsərrüfatındakı problemlərdən DANIŞDI

İQTİSADİYYAT 24 sentyabr 2024, 15:24
Xəbər verdiyimiz kimi, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə "Yaşıl maliyyə" konfransı keçirilib. Konfransda gündəmdə olan vacib mövzulardan biri – iqlim dəyişikliyinin təsirləri müzakirə olunub. Bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsi iqlim dəyişikliyinin nəticələrindən zərər görür. Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister deyib ki, iqlim dəyişmələri Azərbaycanda kənd təsərrüfatı sektoruna xüsusilə böyük təsir göstərəcək: “Azərbaycanda kənd təsərrüfatı ilə 80 %-i quraq və ya yarımsəhra olan rayonlarda məşğul olurlar.

Suvarma üçün istifadə olunan su ölkənin suya tələbatının 70 %-ni təşkil edir. Ona görə də Azərbaycanın kənd təsərrüfatı sektoru üçün yüksək risk var", - deyə o əlavə edib.  

İqtisadçı Akif Nəsirlinin sözlərinə görə son zamanlar bir çox beynəlxalq təşkilatlar iqlim dəyişikliyi ilə bağlı həyəcan siqnalı verir.

A.Nəsirli Demokrat.az-a açıqlamasında söyləyib ki, Azərbaycanda ötən illərlə müqayisədə kənd təsərrüfatı məhsullarının bu il bahalaşması iqlim dəyişikliyinin təsirləri ilə bağlıdır:

“Əlverişsiz hava şəraiti məhsuldarlığın aşağı düşməsinə səbəb oldu. İqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün antropogen amilləri minimuma endirməliyik. İstixana qazlarının azaldılması, atmosferə zərərli qazların buraxılmasının qarşısının alınması, su hövzələrinin çirkləndirilməsini dayandırmaq laızmdır. Fermer olaraq dəyişən iqlimə daha dayanıqlı sortların yetişdirilməsi üzərində çalışmaq lazımdır. Bunun üçün də ölkədə seleksiya işləri aparılmalıdır. Bitkiləri daha dayanıqlı, immunitetli edən gübrələrdən istifadə olunmalıdır. Son illər çox az hallarda torpağa kalium gübrəsi verilir. Kalium gübrəsi bütün bitkilərin xəstəliklərə qarşı müqavimətini artırır. Təəssüf ki, fermeler daha çox amonium şorası verməyə diqqət edirlər ki, bu sadəcə bitkinin meyvəsini böyüdür. Amma torpağa kalium gübrəsi verilməsə, böyük meyvələr gətirən bitkilər bir anda məhv ola bilər. Kalium, fosfor gübrələrindən istifadə etmək mütləqdir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2024, 17:23
Top