Minimum əməkhaqqında 70-80 faiz artım ola bilər?

İQTİSADİYYAT 24 sentyabr 2024, 16:56
Azərbaycanda minimum aylıq əməkhaqqı artırılacaq. Prezident İlham Əliyev parlamentdəki çıxışında bu məsələyə toxundu. Ölkə başçısı qeyd etdi ki, son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7, minimum pensiya isə 2,5 dəfə artıb. Gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılması barədə göstəriş verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə təklifləri noyabr ayının 1-dək hazırlayıb təqdim etməlidir.

İqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, 2025-ci ildə minimum əməkhaqqı və digər sosial ödənişlərin artacağı proqnozlaşdırılır:

“Pensiyanın orta artım tempi qanunvericiliyə uyğun olaraq qrafik şəklində indeksləşdirmədən qaynaqlanacaq. Bu da təxminən 8-9 faiz ətrafında olacaq. Çox az ehtimal var ki, pensiyaların artması ilə bağlı 2021-ci ildə olduğu kimi hər hansı xüsusi paket daxili vəsait nəzərdə tutulsun. 

Sosial müavinətlər 10-15 faiz arasında artırılacaq. 2024-cü ildə bu istiqmətdə addımlar atılmadı və yığılıb qalmış inflyasiya təzyiqləri vardı. Bunu neytrallaşdırmaq və yoxsulluq səviyyəsinin artmasının qarşısını almaq üçün 10-15 faiz ətrafında artım gözlənilir. Minimum aylıq əməkhaqqı ilə bağlı da eyni yanaşma tətbiq ediləcək çox güman. Minimum əməkhaqqının 400 manata çatdırılması ehtimalı yüksəkdir, amma layiqli minimum əməkhaqqı yanaşmasına keçid olarsa, bu ehtimal aşağı düşür. Belə olduğu təqdirdə minimum əməkhaqqının 600 manatdan 650 manata çatdırılması zərurəti ortaya çıxır ki, bu da 70-80 faiz artım anlamına gəlir. Amma gözlənti 10-15 faiz olduğu üçün ehtimal minimum əməkhaqqının 400 manat olacağıdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top