Ölkəyə gətirilən avtomobillərin sayı kəskin azaldı — Səbəb nədir?

AVTO 16 sentyabr 2026, 19:00
Azərbaycanda avtomobil idxalına çəkilən xərclər 31%-ə yaxın azalıb. Bu göstərici ölkəyə gətirilən avtomobillərin sayında, qiymətində və idxal strukturunda baş verən dəyişiklikləri gündəmə gətirir. Eyni zamanda, avtomobil bazarında son dövrlər müşahidə olunan dəyişikliklərin qiymətlərə necə təsir edəcəyi də maraq doğurur.

Bəs avtomobil idxalına çəkilən xərclərin azalmasının əsas səbəbi nədir? İdxal strukturunda hansı dəyişikliklər baş verib və bu tendensiya ölkənin avtomobil bazarında qiymətlərə necə təsir göstərə bilər?

Nəqliyyat üzrə ekspert Razil Nağıyev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda avtomobil idxalına çəkilən xərclərin 31%-ə yaxın azalmasını yalnız avtomobillərin daha ucuz qiymətə idxal olunması ilə izah etmək düzgün olmaz:


“Əsas səbəb idxal olunan avtomobillərin sayının azalması və bazarın strukturunun dəyişməsidir.

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana təxminən 41 min avtomobil idxal edilib və bunun ümumi dəyəri 807 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobillərin sayı təxminən 35 faiz, idxalın ümumi dəyəri isə 31 faiz azalıb. Lakin bir avtomobil üzrə orta idxal dəyərinə baxdıqda ciddi ucuzlaşma görünmür, əksinə, müəyyən artım müşahidə olunur.

Bu baxımdan, azalmanı daha çox idxal həcminin aşağı düşməsi, xüsusilə hibrid, plug-in hibrid və elektrik avtomobillərinin idxalında azalma və bazardakı struktur dəyişiklikləri ilə əlaqələndirmək olar.
Çin istehsalı avtomobillərin bazardakı payının artması isə ayrıca mühüm amildir. Bu avtomobillər daha geniş model seçimi, zəngin təchizat və rəqabətli qiymətlərlə bazarda qiymət və təchizat sahəsində rəqabəti artırır. 

Bu tendensiya xüsusilə orta qiymət seqmentində qiymətlərin aşağı düşməsinə müəyyən təzyiq yarada bilər.

Lakin idxal dəyərinin azalması avtomobillərin pərakəndə satış qiymətlərinin də eyni nisbətdə düşəcəyi anlamına gəlmir. Yekun qiymətə gömrük ödənişləri, logistika, diler marjası, servis xərcləri və valyuta məzənnəsi kimi amillər də təsir göstərir.

Ümumilikdə, burada əsas tendensiya avtomobillərin sadəcə ucuzlaşması deyil, idxal həcminin azalması və bazarın strukturunun dəyişməsidir. 

Çin markalarının artan payı isə növbəti dövrdə bazarda rəqabətin formalaşmasına təsir edən əsas amillərdən biri olaraq qalacaq”.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

16 sentyabr 2026, 17:39
Top