Qarabağa köçən insanlar evlərini kirayə verə bilər? — Deputat açıqladı

SOSİAL 24 sentyabr 2024, 15:37
Qarabağ ərazisində evlərin kirayə verilməsi müzakirələrə səbəb olub. İddia edilir ki, Qarabağda, xüsusən də Laçın və Şuşada sakinlər evlərini günlük 100-200, aylıq 3-5 min manat aralığında kirayə verirlər. Bəzi ekspertlər isə hesab edir ki, həmin evlər qanunla kirayə verilə bilməz. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə tikilən evlər 2 kateqoriyaya aiddir: 

“İşğaldan azad olunmuş ərazilərdə tikilən və yaxud bərpa olunan evlər əsasən 2 kateqoriyaya bölünür. Birinci kateqoriyaya vətəndaşın özünə məxsus olan, bərpa olunan və ya həmin evin bünövrəsində yeni tikilən evlər aiddir. Digər kateqoriya isə vətəndaşlara məxsus olmayan, fərqli ərazidə salınan kənd və qəsəbələrdə inşa olunacaq evləri əhatə edir. Bu məsələdə qeyd etdiyim fərqi dəqiq bilmək lazımdır. Məsələn, deyək ki, Laçında kiminsə özünə və yaxud ata-babasına məxsus ev bərpaya yararlı olub və bərpa edilib. Bu ev həmin vətəndaşın şəxsi mülküdür. Yəni vətəndaş həmin əmlakı kirayə də verə bilər. Biri də var ki, tamamilə yeni bir yaşayış massivi salınıb. Məcburi köçkünlərə isə orada evlər verilib. Bu evlərin ixtiyarı tamamilə dövlətə məxsusdur. Həmin məcburi köçkünlər də yeni evlərə köçürüləndə, Azərbaycanın digər yerlərində onlara müvəqqəti verilmiş evlər geri alınacaq. Qeyd etdiyiniz faktlar həqiqətən də var. Bəzi məcburi köçkünlər var ki, özü gəlib Bakıda yaşayır Qarabağda ona verilmiş evləri isə kirayə verir. Təbii ki, bu qəbulolunmazdır. Ancaq elə ailələrdə də var ki, onlara 3 otaqlı evlər verilib və maddi imkanları aşağı olduğu üçün məcburiyyət qarşısında bir otağını müvəqqəti olaraq kirayə verir. Bunu heç kim qadağan edə bilməz. Düşünürəm ki, bu mövzuda da biz 2 cür yanaşma qoymalıyıq. Biri var ki, vətəndaş tamamilə orada yaşamır. Ona verilmiş evi isə kirayə verir. Bax bu düzgün deyil”.  vakansiya

Tanınmış hüquqşünas-vəkil Turan Abdullazadə qeyd edib ki, sosial evlərin 3 il ərzində satışı, kirayəsi və icarəsi qanunla qadağandır: 



“Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı fərmana əsasən, sosial mənzillər 3 il ərzində başqasına satıla, girov qoyula, icarəyə və kirayəyə verilə bilməz. Əgər Qarabağdakı evlər sosial ev statusundadırsa, təbiki qanunvericiliyin tələbləri gözlənilməli, 3 illik məhdudiyyət tələbinə riayət olunmalıdır. 3 illik qadağanın obyektiv və subyektiv səbəbləri vardır. Sosial evlər satıb və ya kirayəyə verib gəlir əldə etmək məqsədi daşımayan aztəminatlı ailələr, eləcədə məcburi köçkün və şəhid ailələrinin yaşaması üçün nəzərdə tutulmuş evlərdir. Sosial evlərin məqsədi heç bir halda gəlir əldə etmək olmamalıdır. Həqiqətən də dövlət qayğısına möhtac əhalinin həssas təbəqəsinin yaşaması məqsədi güdən bu evlərdən başqa məqsədlə istifadə olunması yolverilməzdir. Həmçinin Qarabağdakı sosial evlərin həmin ərazinin yerli insanı olmayan başqa şəxslərə satılması və ya kirayəyə verilməsi həmin ərazinin etnik kimliyinin dəyişməsinə, orada yaşamış yerli əhalinin torpağı ilə bağlarının qopmasına səbəb ola biləcəyini düşünürəm”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2024, 17:23
Top