Dünya təhlükəsizlik sisteminin çöküşü, Azərbaycanın yeni konsepsiyası Güc və güclü olmalıyıq...

SİYASƏT 24 sentyabr 2024, 09:40
Hər şey Azərbaycanın qlobal gücə çevrilməsi tələbinin gerçəkləşməsinə doğru gedir .Prezident İlham Əliyevin parlamentdəki çıxışı bu yolun mənbələrini, hərəkət prinsiplərini və mümkün gedişat ssenarilərini görməyə və qiymətləndirməyə əsas verir.

İki mühüm nöqtədən başlayan bu prosesin köklərinə və idiki durumuna bir daha nəzər yetirək.

1- ci nöqtə- Müasir dünyanın 2-ci cahan müharibəsindən başlanmış təhlükəsizlik sistemi sürətlə dağılmaq üzrədir.

2- ci nöqtə - Azərbaycan Vətən müharibəsi və Antiterror tədbirləri ilə tək öz regionumuzda yox ,həm də qlobal miqyasda yeni reallıqlar yaradıb.

Çox maraqlıdır ki, Prezidentin parlament çıxışında tezislərlə təhlil edilmiş hər iki nöqtənin prinsipcə bir- birini tamamladığını görürük. Daha dəqiq desək , dünya təhlükəsizlik sistemi  dağılmağa üz tutmasaydı , Azərbaycan postmüharibə reallıqlarını təkbaşına yox, məhz dünya ilə, beynəlxalq təşkilatlarla  birlikdə yarada bilərdi.Azərbaycan bunun üçün 30 il çalışdı.Lakin təəssüf.... Beynəlxalq təhlükəsizlik sisteminin dayanmaz şəkildə dağılmağa üz tutduğuna əmin olanda ölkəmiz və Prezident yeni geosiyasi reallıqları öz gücü ilə, təkbaşına yaratmaq zorunda qaldı. Dünya üçün utancverici mənzərədir ki, Azərbaycanın yeni mütərəqqi reallıqlar yaratması dünyanın məhz əsas güclərinə qarşı qoymağa məcbur olduğumuz  milli siyasi iradənin sayəsində ərsəyə gəldi. Bunu biz seçmədik. Bizi buna məcbur etdilər.Bizimlə olmaq istəmədilər. İkinci dünya müharibəsindən sonrakı təhlükəsizlik sistemini xilas etmək üçün Azərbaycanın təkbaşına çabalarına heç kim şübhə edə bilməz. Bu sistemi biz dağıtmadıq. Əksinə , məhz bu sistemin dağılmağa üz tutmasının nəticəsi idi ki, Azərbaycan öz tarixi haqlarının bərpası uğrunda döyüş meydanında tək buraxıldı. həmin sistem Ermənistan kimi irtica qüvvələrinin xidmətinə keçəndə artıq dağılmağa başlamışdı. Belə şəraitdə  Azərbaycan tam əsaslı və məntiqli olaraq 1945 -ci il Potsdam təhlükəsizlik sisteminin bütün mövcud olduğu dövrdə bu sistemin çöküş reallığını dəqiq görə bildi və çoxlarının əlində oyuncağa çevrilmiş beynəlxalq hüquq normalarını əsas tutmaqla yalnız öz gücü ilə yeni reallıqlar yaratdı. Prezidentin parlament çıxışındakı aşağıdakı tezisə məhz bu bucaqdan baxmalıyıq - "Beynəlxalq təhlükəsizlik sistemi çökür, kim güclüdürsə , o da haqlıdır "... Tezisin həqiqiliyinə şübhə edənlər olsa, 2- ci Dünya müharibəsindən başlayaraq indiyə qədər yaranmış münaqişələrin dinamika tarixinə baxsınlar- bircə münaqişə belə həll olunmayıb, münaqişələr sayca azalmayıb, ən yaxşı halda dondurulub , donu açılanda özü ilə yeni münaqişələr gətirib, əlini- qolunu sallayıb beynəlxalq hüquqa və təhlükəsizlik sisteminə ümid bağlayanlar sonda əlləri ətəklərindən uzun vəziyyətdə bu günədək gözləməkdədirlər,hələ nə qədər gözləyəcəkləri də məlum deyil.80 illik dünya münaqişələrinin tarixi üçün xarakterik olan bu " nailiyyətlər zəncirini" daha da uzada bilərik.Ancaq etmirik. Çünki bunsuz da hər kəs bilir ki, Azərbaycan 2020- 2023- cü illərdə dünyada qüvvədə olan " gücü olan haqlıdır" prinsipinə söykənərək yeni prinsip ortaya qoydu :"Haqlı olan özünü gücü ilə təsdiq etməlidir və haqlı olanın zəif omağa haqqı yoxdur"...

Prezident İlham Əliyevin parlamentdəki çıxışında " bundan sonra daha müstəqil, daha prinsipial xarici siyasət kursunun  aparılacağını " bəyan etməsi məhz "güc və güclü olmalıyıq" prinsipininn real təcəssümü kimi qəbul olunmalıdır. 

Prezidentin yaradılmış yeni reallıqları " qlobal dünya üçün tarixi əhəmiyyətli " hesab etməsi də təsadüf deyildi.Buradan 2 mühüm nəticəyə gəlməyə əsaslar var.1.Yaratdığımız yeni reallıqlar dünya sisteminin çöküşü nəticəsində ortaya çıxmış boşluqda yarandı.2- ci,bu reallıqları Azərbaycan özü yaratdığı üçün qarşımızda yeni imkanlar açılır və bu imkanların sayəsində Azərbaycan təkcə güclü olmağa yox, təkcə güc olmağa yox, məhz " qlobal güc və qlobal güclü olmağa " hədəflənib.Fikrimizcə, Prezidentin " daha əvvəlki kimi olmayacaq, dostlarımızı da , düşmənlərimizi də gördük"  sözləri  əslində hökmdür və Azərbaycanın daha qətiyyətli xarici siyasət kursu aparacağının anonsu kimi qəbul oluna bilər .Elə bu cür də deyildi:" Xarici siyasətimizdə geriyə heç bir addım atılmayacaq"...

Prezidentin Azərbaycana qarşı yeni planların qurulduğunu və oyunların hələ bitmədiyini xüsusi vurğulamasının arxasında çoxlu təfərrüatların dayandığına şübhə  yoxdur . Bu mənada müxtəlif qaralama kampaniyalarının, media fəaliyyətlərinin  daha da güclənəcəyi ilə bağlı Prezidentin sözlərinə sadəcə proqnoz yox, ölkəni gözləyən yeni təhdidlər kimi baxmalıyıq. Dövlət başçısının yeni şəraitdə ideoloji- mənəvi tərbiyə işlərinin üzərində xüsusi dayanması da səbəbsiz deyil.

Əvvəla, Prezidentin dəqiq hesablamalarına görə yeni reallıqların əsas yaradıcı qüvvəsi gənclər olduğu üçün məlum ideoloji mərkəzlər məhz gəncliyi hədəf seçir.Bu əslində hədəf seçməkdən daha çox  gəncliyimizdən qisas almaq siyasətidir.Bu mənada Prezident " heç bir xarici təsirə boyun əyməyən gəncliyin formalaşdırılması üzərində daim çalışmalıyıq" hədəfini xüsusi vurğuladı.

Prezident milli-mənəvi və ideoloji dayaqlarımıza qarşı aparılan fəaliyyətlərin iflasa məhkumluğunu möhkəm üçbucağın uc nöqtələrinin timsalında belə ifadə etdi- "Bu cür əməllər rəsmi, ictimai və media müstəvisində daim ifşa olunmaqda davam etdiriləcək".

Azərbaycanın "ləyaqətli və qürurlu dövlət"  adlandırılması nəsil yetişdirmə prosesində  təsirli ideoloji tezis kimi qəbul oluna bilər.Tezisin ən böyük təsir gücü isə "Qürurlu dövlətin qürursuz vətəndaşı ola bilməz" hökmündədir...

Nəhayət, Prezidentin  parlament çıxışında Azərbaycanın bundan sonra daha iddialı sülh siyasəti aparacağını göstərən başqa bir məqam da var. "Ermənistanı və onu silahlandıranlar bilməlidirlər ki, onlar Ermənistanla birgə məsuliyyət daşıylrlar"... "Bizə dost olmayana dost deməyəcəyik"...

Aydın Quliyev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top