Bakıda sərxoş xalaoğluları arasında DAVA

KRİMİNAL 23 sentyabr 2024, 18:04
Bakının Pirallahı rayonunda 1997-ci il təvəllüdlü Mərhəmət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı xalası oğlu Ramilə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 16-da baş verib. Mərhəmət həmin gün, gecə saat 1 radələrində yaşadığı evin qarşısında xalası oğlu Ramil ilə aralarında yaranmış mübahisə zamanı yumruqla və şillə ilə onun baş nahiyyəsinə qəsdən vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Mərhəmətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mərhəmət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Pirallahı qəsəbəsində ailəsi ilə birlikdə yaşayır və fərdi əməklə məşğuldur: “Fevralın 15-də, təxminən saat 21 radələrində xalam oğlu Ramil ilə birlikdə Pirallahı rayonu S.Vurğun küçəsində fəaliyyət göstərən adsız kafedə spirtli içki olan pivə içdik. Daha sonra saat 22:30-da kafedən çıxaraq yaşadığımız evə getdik. Evə gedən zaman orada Ramilin qeyri-rəsmi nikahda yaşadığı Aynurə adlı xanımı gördük. Aynurə Ramili görən kimi yaşadıqları evə getməyi bildirdi. Lakin Ramil getməkdən imtina etdiyi üçün aralarında söz mübahisəsi yarandı. Bu zaman Ramili evdən bayıra, yəni evin qarşısına çıxarataq sakitləşdirmək istədim. Belə olan halda Ramil mənə qarşı nalayiq sözlər deməklə işinə qarışmamağımı bildirdi. Mən isə Ramili yenidən sakitləşdirmək istəyən zaman məni yenidən təhqir etdi. Mən Ramilin sifət nahiyəsinə bir dəfə yumuruqla və bir dəfə şillə ilə vuraraq ona xəsarət yetirdim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ramilin sözlərinə görə, Pirallahı qəsəbəsində ailəsi birlikdə yaşayır və fərdi əməklə məşğuldur. Onun ifadəsinə görə, fevralın 15-də, təxminən saat 21 radələrində xalası oğlu Mərhəmətlə birlikdə kafedə pivə içiblər, daha sonra saat 22:30-da kafedən çıxaraq yaşadıqları evə gəliblər: “Evə gedən zaman evdə qeyri-rəsmi nikahda yaşadığım Aynurəni gördüm. Aynurə məni görən kimi öz yaşadıqları evə getməyimi bildirdi. Mən getməkdən imtina etdim. Aynurə isə yenidən evə getməyi bildirən zaman Mərhəmət mənə “kişi deyilsən, qadının sözüylə hərəkət edirsən” dedi. Mən evdən bayıra, yəni evin qarşısına çıxdım. Mərhəmət isə arxamca bayıra çıxaraq mənimlə söz mübahisəsi etməyə başladı”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra Mərhəmət onu təhqir edib: “Mən isə Mərhəmətə “işlərimə qarışma” deyərək nalayiq sözlər ifadə edən zaman sifət nahiyəsindən bir dəfə yumruqla, şillə ilə vuraraq xəsarət yetirdim. Mərhəmətlə barışmışam, mənə dəymiş ziyanı tamamilə ödəyib. Buna görə də Mərhəmətdən heç bir şikayətim və ya digər tələbim yoxdur”. 

Bu cinayət işinə Pirallahı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mərhəmət 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin yaşadığı ünvanı axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top