Politoloq: Ermənistanda revanşizm meylləri hərbi gücümüzü artırmağı diktə edir

GÜNDƏM 23 sentyabr 2024, 21:36

Bir çox beynəlxalq təşkilatlar, Qərb dövlətləri Ermənistanın vasitəsilə Azərbaycanda sabitsizlik və xaos toxumu səpməkdədirlər.

Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Politoloq deyib ki, sözdə sülh və sabitliyi, inkişafı dəstəklədikləri bəyan edən xarici dairələrin əslində birtərəfli qaydada Ermənistana dəstək verdikləri aydın müşahidə edilir: “Ermənistanın silahlandırılması, separatçıların müdafiə olunması, Azərbaycanın digər bölgələri ilə kommunikasiya əlaqələrinin yaradılmasına qarşı çıxışlar Qərbin riyakar siyasətinin bir daha təsdiqidir. “Demokratik proseslərə dəstək” adı altında Ermənistana olunan yardımların məqsədinin əslində bu ölkəni böhrandan çıxarmağa hesablandığını görməmək mümkün deyil. Bəzi beynəlxalq təşkilatlar Bakıda həbsdə olan separatçıların liderlərini Ermənistanın siyasi hakimiyyətindən daha çox müdafiə edirlər. Bu mənada Prezident İlham Əliyevin bu gün parlamentdə çıxış edərək Ermənistandakı revanşizm meyllərinin gücləndiyini söyləməsi yuxarıda qeyd etdiyimiz təkzibolunmaz fəaliyyətlərin məntiqi nəticəsidir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında qarşıda duran ən vacib vəzifələrə toxunub və hərbi gücümüzün artırılmasının ölkəmiz üçün xüsusi önəm kəsb etdiyini bildirib: “Dünyada cərəyan edən proseslər, yeni münaqişə ocaqları və ən əsası Ermənistanda revanşizm meyllərinin güclənməsi bizi bu sahəyə diqqət göstərməyə vadar edir. Bəzi Qərb ölkələrinin Ermənistana “aşırı sevgisi” Cənubi Qafqazda sülhə, əməkdaşlığa töhfə vermir. Ermənistanla birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, missiyası çoxdan bitmiş Minsk qrupu üzvlərinin yersiz bəyanatları, İrəvanda revanist qüvvələrin fəallaşması ciddi narahatlıq doğurur. Prezidentin də parlamentdəki çıxışında qeyd etdiyi kimi, bu gün dünyada beynəlxalq hüquq anlayışının tamamilə sarsılıb. Dünyanın təhlükəsizlik arxitekturası tamamilə iflasa uğraması. Bu gün beynəlxalq güc haqlının tərəfindədir. Böyük dövlətlər BMT Təhlükəsizlik Şurasının qərarlarına məhəl qoymadan başqa bir ölkənin ərazisinə hücum edirlər, oranı işğal edirlər. Amma həmin işğalçı dövlətlər inkişaf etməkdə olan ölkələrdə hədə-qorxu, təhdid dilində danışırlar. Ermənistan 44 günlük müharibədə və 2023-cü ilin sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatları nəticəsində biabırçı məğlubiyyətə uğradı. Azərbaycan 30 illik işğala son qoyaraq torpaqları üzərində suverenliyini bərpa edib. Bizim bu qələbəmizi qəbul edə bilməyən qüvvələr yaratdığımız reallıqla barışmaq istəmirlər. ABŞ və Avropa dövlətləri Rusiyadan uzaqlaşmaq xətti tutan Ermənistanı öz bastionuna çevirmək üçün tam gücləri ilə hərəkətə keçiblər. Ermənistan üçün "sərhəd toxunlumazlığı" məsələsini gündəmə gətirən qüvvələr nədənsə torpaqları 30 il işğal altında olan Azərbaycan üçün bu dəstəyi göstərmirdilər. Bu gün Ermənistanda revanşist qüvvələrin baş qaldırması, Ermənistan hakimiyyətinin revanşizm xülyaları ilə yaşaması məhz Qərbin riyakar, cığal fəaliyyətinin nəticəsidir. Heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması da münaqişənin güdəmdə qalmasına hesablanıb”.

Ramiz Alıyev qeyd edib ki, Ermənistanın arxasında dayanan qüvvələrin qəbul etdikləri qərarlar göstərir ki, Azərbaycana qarşı çirkin oyunlar davam edir: “Bu çirkin oyunlar bizi öz yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz hərbi gücünü artırdı, yeni silahlı birləşmələr yaratdıq, xüsusi təyinatlı silahlı birləşmələr təsis etdik. Bu gün Azərbaycan Ordusu regionun ən güclü, ən müasir silah-sursatla təchiz olunmuş ordusudur. Biz qarşımıza yerli hərbi sənaye kompleksini sürətlə inkişaf etdirməyi məqsəd qoymuşuq. Bu, ölkəmizin hərbi və iqtisadi gücünü daha artıracaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top