"Azərbaycan mediasında din bilgisi arzuolunan səviyyədə deyil" — Deputat

GÜNDƏM 23 sentyabr 2024, 18:09
Xəbər verdiyimiz kimi, bu gün Şuşa şəhərində “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə təşkil olunan və iki gün davam edəcək seminar çərçivəsində “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?”, “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” və “Dini radikalizmlə mübarizə və media” adlı sessiyaların həyata keçirilməsi nəzərdə tutulur. Cəmiyyətin maariflənməsində, məlumatlılığının artmasında, düzgün istiqamətləndirilməsində media böyük rol oynayır. Din, vicdan azadlığı kimi mövzuların mediada işıqlandırılması həssas məsələdir. Medianın bu məsələlərə diqqətlə yanaşmalı olduğunu deyən millət vəkili Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, medianın dəstəyi bu mövzuda mühüm əhəmiyyət kəsb edir:

“Medianın məsələlərə yanaşması problemlərin həllinə təsir edir. Təəssüf ki, Azərbaycan mediasında din bilgisi arzuolunan səviyyədə deyil. Bu sahədə araşdırmaçı, müəyyən düşüncə sistemləri ilə tanış olan media mənsublarının olmasını çox arzulayırıq. Belə olduğu halda mediada bu məsələlərə dair daha həssas yanaşma görə bilərik. Dini mövzulara dünyəvi dövlətin dəyərləri prizmasından baxmalıyıq. Çünki ilk növbədə dünyəvi dövlətin prinsiplərinin qorunması istiqamətində addımlar atılmalıdır. Bu baxımdan belə tədbirlərin keçirilməsi vacibdir və medianın köməyinə çox ehtiyac var. Bu məsələlər peşəkar mühitdə müzakirə olunaraq gəlinən nəticələr ümumi məqsədə və mövcud problemlərin həllinə xidmət etməlidir. Bunu təmin edə bilsək, müsbətə doğru addım atmış olacağıq”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top