"Cənab Prezidentin Qarabağ Universitetinin açılışındakı nitqi universitetin standartlarını müəyyən edəcək"

GÜNDƏM 23 sentyabr 2024, 20:40
Xəbər verdiyimiz kimi, Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində tədris başlayıb. Qarabağ Universitetinin yaradılması ölkənin təhsil həyatında mühüm hadisə oldu. İdeoloji, tarixi, təhsilin inkişafına töhfə verəcəyinə dair gözləntilər baxımından bu ali təhsil ocağı seçilir. Demək, burada tədris prosesi də digər universitetlərimizdəkindən fərqli qurulmalıdır. 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Demokrat.az-a açıqlamasında qeyd edib ki, Qarabağ Universitetində yaradılan bütün imkanlar təhsilin inkişafı, gənclərimiz, onların keyfiyyətli təhsil almaları naminədir:

“İki gün öncə Xankəndi şəhərində oldum, Qarabağ Universitetində yaradılan şəraitlə tanış oldum. Universitetin rəhbərliyi – rektor, prorektor, professor-müəllim heyəti ilə görüşdüm. Universitet müasir standartlara cavab verir, geniş kitabxanası, müasir laboratoriyası var, müəllim və tələbələrin tədrislə məşğul olmaları, səmərəli vaxt keçirmələri üçün hər cür imkanlara malikdir. Universitetlə bağlı yeniliklər gözlənilir, bu barədə də rəhbərliklə müzakirəmiz oldu. Xüsusi seçim prosesindən keçən 60 nəfər müəllim Qarabağ Universitetində çalışacaq. Sevindiricidir ki, xarici ölkələrin təhsil ənənələri bu universitetdə tətbiq olunacaq, tədris prosesi yeni formatda təşkil ediləcək. Universitet rəhbərliyinin gənc, eyni zamanda beynəlxalq təcrübəyə bələd olan, peşəkar kadrlarda ibarət olması universitetə dair gözləntilərin uğurla reallaşdırılacağına inamı artırır. Tədrsidə ən müasir dərsliklərdən istifadə olunacaq, yeni yanaşmalar tətbiq ediləcək”. 

Ekspertin fikrincə, Qarabağ Universiteti nəinki Xankəndi şəhərinin, Qarabağ bölgəsinin ümumi mədəni inkişafına töhfə verəcək: 

“Ətraf şəhərlərdə də universitetin korpusları inşa ediləcək. Növbəti illərdə yeni ixtisaslar açılacaq, artıq bu barədə mediada xəbərlər yer alıb, tibb fakültəsi açılacaq. Pedaqoji heyətin təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi hədəflənib. Bu il qəbul imtahanlarında ən yüksək bal toplayan gənclər Qarabağ Universitetində təhsil almağı seçiblər. Bu, gənclərimizin universitetə olan etimadından, Qarabağa sevgisindən irəli gəlir. Tələbələr üçün təhsil mühitinin düzgün qurulması uğurun əsasını təşkil edən elementlərdəndir. Universitet rəhbərliyi bu məqama da böyük diqqət ayırıb, tələbələrin köçürülməsi, qarşılanması bundan xəbər verirdi”. 

İ.Orucov vurğulayıb ki, cənab Prezidentin universitetin açılışında iştirak edərkən söylədiyi fikirlər universitetin standartlarını müəyyən etmiş olacaq:

“Müəllimlərlə tələbələr arasında düzgün kommunikasiyanın, sağlam münasibətlərin formalaşması üçün universitetdə yaradılan sosial mühit də xüsusilə seçilir, yaradılan şərait bunu deməyə əsas verir. Universitetin auditoriyaları müasir informasiya texnologiyaları ilə təchiz edilib. Müsbət məqamlardan biri də odur ki, universitetdə tədris fənlərarası inteqrasiya əsasında həyata keçiriləcək, bu da tələbələrin tədris proqramını, bilikləri daha dərindən qavramasına yardımçı olacaq. Xankəndidəki Qarabağ Universiteti cənab Prezidentin əsəridir, bu təhsil ocağının gələcəkdə daha da böyük uğurlarına şahidlik edəcəyimizə inamım böyükdür”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top