Şirvanda sahibkar obyektində qətlə yetirildi — TƏFƏRRÜAT

KRİMİNAL 23 sentyabr 2024, 10:33
Şirvan şəhərində 1972-ci il təvəllüdlü Elşən İslamov həmyerlisi, 1963-cü il təvəllüdlü Yavər Bağırovu qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elşən 2019-cu ildə “Anar” mağazasının sağ tərəfində yerləşən, dövlət mülkiyyətində olan, 188 kvadrat metr ölçüdə, çökəklik, tullantılarla çirkləndirilmiş torpaq sahəsini istifadə etmək məqsədi ilə torla hasarlayıb. O, avtomobilə müəyyən miqdarda torpaq daşıtdırıb və tökdürərək düzəltməklə, həmin sahəyə ağaclar əkərək becərməklə yararlı vəziyyətə gətirib. 
 
Lakin “Anar” mağazanın sahibkarı həmin torpaq sahəsinin mağazasının yanında yerləşməklə ona aid olduğunu bildirib və ona torpaq sahəsindən istifadə etməsinə maneçilik törədib. Belə olduqda o, sahibkar Yavər Bağırovdan həmin torpaq sahəsinin abadlaşdırılmasına xərcləmiş olduğu 2 min manat, daha sonra isə 4 min  manat pulu ödəməsi şərtini irəli sürüb. 

Lakin Yavər İslamova heç bir məbləğdə pul ödəməməklə yanaşı onun torpaq sahəsindən istifadə etməsinə maneçilik törətmiş, torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyib. Elşən onun mağazasının yanında yerləşən torpaq sahəsini qanunsuz olaraq zəbt etməsi barədə aidiyyəti dövlət orqanlarına müxtəlif vaxtlarda şikayət etmiş, aralarında bu qaydada münaqişə bir neçə il ərzində uzun müddət davam edib. 

Nəticədə Elşən Yavər Bağırovu aralarında yaranmış şəxsi münasibətlər zəminində öldürmək qərarına gəlib. Bu məqsədlə sentyabrın 3-də, günün ikinci yarısında Elşən evində 300 qram spirtli içki qəbul etdikdən sonra evindən mətbəx bıçağını cibinə qoyub  və saat 19 radələrində Yavərin olduğu “Anar” mağazasına gəlib. O, mağazaya daxil olduqdan sonra bıçağı çıxararaq həmin vaxt kassa arxasında olan Yavərin sol boyun nahiyyəsinə bir bıçaq zərbəsi vurub. Yavər aldığı zərbə nəticəsində vəfat edib.

Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə yaşayıb: “Yavəri təxminən 20 ildir ki, tanımışam. Onunla əvvəldən münasibətlərimiz pis olub. Mənim evim Şirvan şəhəri, Çılpaqlı qəsəbəsindəki “Anar” market ilə təxminən 200 metr məsafədə yerləşib. Yavər Bağırovun marketinin arxa tərəfində təxminən 15 il bundan qabaq ağaclar əkmişəm. Həmin torpaq sahəsinin mənə heç bir aidiyyatı olmayıb, lakin öz adıma rəsmiləşdirmək istəmişəm. Yavər qonşudan həmin torpaq sahəsini aldı, öz obyektini genişləndirdi və mənim əkdiyim ağacları yerindən çıxardı. Bu səbəbdən mütəmadi olaraq mübahisələrimiz  olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 3-4 il bundan qabaq bankdan 3800 manat kredit götürməklə Yavər Bağırovun marketinin yaxınlığında yerləşən 2-3 sotdan ibarət boş, zibil tökülən sahəyə 100 maşın torpaq töküb, sahəsini abadlaşdıraraq orada ağaclar əkib: “Həmçinin torpaq sahəsinin ətrafını dəmir tor ilə hasarlanıb. Həmin hasara darvaza da yerləşdirmişəm. Yavər də darvazasının qarşısına özü pas rəngli dəmirlə hasar çəkdirdi və torpaq sahəsinin özünün olduğunu bildirdi. Bu söhbət üzərindən biz təxminən 3-4 ildir ki, mübahisə etmişik”. 

Elşənin sözlərinə görə, 2019-cu ildə Yavər Şəhər Polis Şöbəsinə  marketinin yaxınlığında yerləşən 2-3 sotdan ibarət boş torpaq sahəsinin onun tərəfindən qanunsuz zəbt edilməsi barədə şikayət ərizəsi verib və bununla bağlı polis şöbəsində araşdırma aparılıb: “Sonuncu dəfə hadisə baş verməzdən 2-3 ay qabaq, 2023-cü ilin may-iyun aylarında Yavərlə qəsəbədə yas mərasimində rastlaşdıq. Yavərin sözügedən torpaq sahəsini öz adına rəsmiləşdirəcəyini eşitmişdin. Yavərə hansı səbəbdən mənim abadlaşdıraraq təxminən 3-4 min manat məbləğində xərc çəkdiyim torpaq sahəsini öz adına rəsmiləşdirmək istədiyini soruşdum. Yavər  mənə həmin torpaq sahəsindən istifadə edə bilməyəcəyimi, oranı öz adına rəsmiləşdirəcəyini dedi. Mən Yavərin bu sözlərinə çox əsəbləşdim. Dəfələrlə sonuncuya həmin torpaq sahəsinə xərc çəkdiyini dedim. Yavər məni yola vermək məqsədilə guya torpaq sahəsinə çəkdiyim xərci ödəyəcəyini bildirdi. Belə olduqda atam və başqa bir nəfər seyidi Yavərin yanına göndərməklə torpaq sahəsinə xərclədiyim pulu, çəkdiyim əziyyət haqqını verməsini tələb etdim. Yavər heç bir məbləğdə pul vermək niyyətində olmadı və torpaq sahəsinin ona məxsus olmasını dedi”.

Elşən qeyd edib ki, hadisə günü, saat 15 radələrində evində təxminən 300 qram araq qəbul edib: “Hasarladığım torpaq sahəsinə getmək qərarına gəldim. Ora gedərkən Yavərlə bir dəfə daha söhbət etmək qərarına gəldim. Mən bağda istifadə etdiyim mətbəx bıçağını evin girişindəki pəncərinin kənarından götürdüm. Bıçağı sellofan torbaya qoydum və bıçağı əlimdə saxlamamaq üçün idman şalvarımın cibinə qoydum. Mən evdən çıxaraq Yavərin mağazasına doğru piyada hərəkət etdim. Saat 19 radələrində mağazaya çatdım. Yavərin mağazası ilə üzbəüz olan yeni tikilinin qarşısında dayanan Cavidlə görüşdüm”.

Elşən bildirib ki, daha sonra isə mağazaya daxil olduqda Yavərin kassanın qarşısında ayaq üstə dayandığını və mağazada qəsəbə sakinlərindən 2 uşağın olduğunu görüb: “Yavəri görən zaman yenə dəhşətli əsəbləşdim. Lakin özümü cilovlayaraq söhbətə başlamaq üçün uşaqların marketdən çıxmasını gözlədim. Yavərin yanında işləyən qadın satıcını mağazada görmədim və onun evə getdiyini düşündüm. Uşaqlar mağazadan çıxdıqdan sonra Yavərə mənim düzəltdiyim torpaq sahəsindən istifadəmə nə üçün mane olduğunu, mənim çəkdiyim xərci niyə vermədiyini soruşdum. Yavər ümumiyyətlə mənə saymazyana yanaşaraq sualıma cavab vermədi. Yavərin söyüş söydüyünü fikirləşdim. Aramızda mübahisə yarandı, Yavər məndən mağazadan çıxmağımı tələb etdi. Yavərlə əlbəyaxa olduq. Bu zaman Yavərə bıçaq atdım, onun sifətində qan gördüm. Bundan sonra mağazadan çıxaraq qaçaraq getdim.Bu zaman Yavəri vurduğum bıçağı və özümdə olan telefonu itirdim. Mən marketin qarşısından piyada şəkildə Kür məhəlləsi adlanan əraziyə doğru yollandım. Piyada şəkildə mənimlə qohumum evinə getdim. Ona Yavərlə savaşdığını dedim. Daha sonra ona ailə üzvlərimə zəng etməsini dedim. O da qardaşım Rövşənə zəng etdi. Təxminən 15 dəqiqə sonra qardaşım polis əməkdaşları ilə birlikdə gələrək məni götürdülər. Sonra polisə könüllü təslim oldum”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elşən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top