Oğurluq hallarının artması ehtiyacdan çoxalır — Sosioloq

HADİSƏ 13 avqust 2024, 13:32
Son vaxtlar oğurluq hallarının sayının artması hazırkı mövcud vəziyyətin məntiqi nəticəsidir. Məlum olduğu kimi, oğurluq halları ancaq sosial vəziyyətin ağırlaşdığı, işsizliyin, yoxsulluğun yüksəldiyi dövrlərdə olur. 

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. O bildirib ki, oğurluq halları əsasən ehtiyacdan çoxalır:

“ Aristotelin dediyi kimi, “ehtiyac cinayətin anasıdır”. Yəni əsasən belə hallar ehtiyacdan yaranır. Bu da onu göstərir ki, bir çoxları artıq normal yaşamaq üçün özünü işlə təmin edə bilmir, gəlir əldə edə bilmir, çıxılmaz vəziyyətdə qalır və oğurluğa əl atır. Ümumilikdə, oğurluqların 90 % ehtiyacla bağlıdır. Biz fikir versək, həm dünya ölkələrindəki, həm də öz ölkəmizdəki müqayisəli vəziyyətə, hansı dövrlərdə ki, bizim ölkədə sosial vəziyyət nisbətən yaxşı olub, onda oğurluq və cinayət halları azalır. Hansı dövrdə sosial vəziyyət ağır olur, onda bu hallar artır. Bu gün dünyada da elədir. Məsələn, konkret oğurluq hallarını götürsək, əslində bütün cinayətləri bura daxil eləmək olar. Fikir verin, sosial təminat cəhətdən yüksək ölkələrdə oğurluq halları minimum həddədir. Amma daha çox sosial ədalətin olmadığı, yoxsulluq probleminin olduğu, işsizlik probleminin olduğu ölkələrdə belə hallar pik həddə olur. Bu halların səbəbi nədir və necə aradan qaldırmaq olar? Çox sadə bir yolu var. Ölkə əhalisinin sosial vəziyyətini normallaşdırmaq, insanların işinə normal əmək haqqından, normal yaşayış şəraitinin təmin olunması belə halların çox minimuma enməsinə səbəb olar. Əgər bir insan normal bir işdə işləyirsə, normal əmək haqqı alırsa, ehtiyaclarını ödəyirsə, o heç vaxt həyatını riskə atıb qarət və oğurluq eləməz ki, gedib 5-10 il həbsxanada yatsın, həyatını məhv etsin.

Ölkədə sosial ədalət bərqərar olunmalıdır. Təbəqələr arasında uçurum olmamalıdır, yoxsulluğun qarşısı alınmalıdır. İşsizlik problemi həll olunmalıdır. Yəni bütün bunlar bu vəziyyətin aradan qaldırılmasına gətirib çıxaracaq, sağlam cəmiyyətin formalaşmasına dəstək olacaq. Bunun üçün hökumət öz vəzifələrini yerinə yetirməlidir. İqtisadi azadlıqlar təmin olunmalıdır. İnsanların sərbəst fəaliyyəti üçün özünüməşğulluq proqramları çərçivəsində dövlətin digər fondlardan sosial dəstəkləri, müxtəlif yardımları sayəsində, o cümlədən iş yerlərinin açılmasını çoxaltmaq lazımdır. Hazırda işsizlik  həll olunsa, bu problem aradan qalxa bilər. Heç bir qanun, qorxu bunun qarşısını almağa qadir deyil. Yalnız səbəbi aradan qaldıranda problem həll olunur. Səbəb isə konkret olaraq bu məsələdə sosial vəziyyətlə bağlıdır. Oğurluq 99% hallarda demək, sosial ehtiyaclardan məcburi vəziyyətlərdən doğur”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top