"Qaydaları pozanların nəticələrinin ləğv edilməsi tam ədalətlidir" — İmtahan iştirakçılarına XƏBƏRDARLIQ

GÜNDƏM 15 iyul 2024, 19:15
Dövlət İmtahan Mərkəzi tərəfindən dünən keçirilən imtahanlarda üç nəfərdə mobil telefon aşkar olunub. Qurum imtahan iştirakçılarını tələb olunan qaydalarla bağlı diqqətli olmağa çağırıb.
Müraciətdə qeyd olunub ki, DİM tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən əsas məqamlardan biri də imtahan prosesinin şəffaflığının təmin edilməsidir: “Ancaq, təəssüf ki, tez-tez mobil telefonla imtahan binasına daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə və digər qayda pozuntularına rast gəlinir”
.  

Neqativ halların dəfələrlə ictimaiyyətin diqqətinə çatdırıldığı vurğulansa da bu tip qayda pozuntularının yenə də təkrarlandığı bildirilib: “Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, istər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər”. 

Təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında deyib ki, buraxılış imtahanları haqqında Nazirlər Kabinetinin müvafiq qərarında şagirdlərin imtahanda davranış qaydaları təsdiq olunub:

“Həmin qaydalar şagirdlərin şəxsi kabinetinə göndərilir, eyni zamand aimtahan vaxtı xatırladılır. İmtahanlarda davranış qaydalarını pozmağa çalışan, müxtəlif köməkçi vasitələrdən istifadə etmək istəyən şəxslər olur. Düşünürəm ki, belə hallara yol verənlərin nəticələrinin ləğv olunması qanunauyğundur. Hər bir halda DİM üzərinə düşən vəzifəni yerinə yetirir. İmtahana girən hər bir abituriyent imtahan qaydaları ilə tanışdır. İmtahan qaydalarını pozan şəxslər barmaqla sayılacaq qədərdir, yəni belə neqativ hallar az yayılıb”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top