Yaşlı kişini daşla vuraraq öldürdü — TƏFƏRRÜAT

KRİMİNAL 02 iyl 2024, 19:24
Xaçmaz rayonunda 1996-cı il təvəllüdlü Yalçın Hüseynov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı, 1967-ci il təvəllüdlü Qərib Rzayevi öldürüb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Yalçın 15 sentyabr 2023-cü ildə, saat 5 radələrində Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 21- ci kilometrliyində, yolun Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisindən keçən hissəsinin sol tərəfində Qəribin onun ünvanına nalayiq ifadələr işlədib, arxa tərəfdən onun baş nahiyəsi istiqamətində daş atmasını bəhanə edib. O, Qəribi öldürmək qərarına gəlib.

Bu məqsədlə Yalçın yerdən götürdüyü daşla qəsdən Qəribin baş nahiyəsinə ardıcıl üç zərbə vurub. Qərib aldığı zərbələrdən ölüb. 

Hadisəni törədən Yalçının barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrəm təqsirləndirilən şəxs qismində ifadə verən Yalçın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Qəribi hadisə baş verən günədək tanımayıb və onunla arasında əvvəllər dava-dalaş, mübahisə və ya şəxsi ədavəti olmayıb: “Hadisə günü, gecə saat 1 radələrində spirtli içki qəbul etmək üçün Xaçmaz-Xudat avtomobil yolunun Xudat şəhəri istiqamətində yolun sol tərəfində, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən iki mərtəbəli kafeyə getdim. Orada  3 bakal pivə içdim. Həmin gün saat 3 radələrində sonradan adının Qərib olduğunu bildiyim bir yaşlı kişi kafeyə gəldi və yan stolda tək oturdu. Qərib içkili idi. Qəribi əvvəllər heç vaxt görməmişəm. Bu səbəbdən də Qəribi tanımamışam. Qərib kafeyə gəldikdən sonra əli ilə məni işarə edərək yanına çağırdı. Mən də Qəribin yanında oturanda kafedə ofisiant işləyən, adını bilmədiyim xanım ona yaxınlaşdı. Həmin xanım Qəribi qolundan tutaraq kafedə çıxarmaq istədi. Qərib xanıma qarşı nalayiq ifadələr işlətdi. Mən isə Qəribi sakitləşdirmək istədim. Ona nalayiq ifadələr işlətməməsini bildirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, buna baxmayaraq Qərib içkili vəziyyətdə olduğundan özünü idarə etməkdə çətinlik çəkib: “Daha sonra Qəribin qoluna girərək onunla birlikdə kafeni tərk etdik. Kafenin birinci mərtəbəsinə düşüb Xaçmaz şəhəri istiqamətində piyada gedərkən Qərib arxamca düşdü. Mənim ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Mən isə Qəribin nalayiq ifadələrinə fikir vermədim. Qəribin içkili olması səbəbindən işlətdiyi söyüşlərə göz yumaraq uzaqlaşmağa çalışdım. Kafedən çıxıb Xaçmaz şəhəri istiqamətində asfalt yolun kənarı ilə təxminən 200-250 metr məsafə gəldikdən sonra Qərib yerdən daş götürərək arxamca atdı. Qəribin atdığı daşın başımın üstündən keçdiyini gördüm. Həmin daşı yerdən götürərək Qəribə tərəf gəldim ki, özümü müdafiə edim. Qəribin arxamca mənə daş atması, ünvanıma nalayiq ifadələr işlətməsi artıq məni hiddətləndirdi. Qəribi etdiyi hərəkətlərə görə cəzalandırmaq qərarına gəldim”. 

Yalçın bildirib ki, Qəribin birdən ona güc gəlməsindən, onu döyməsindən qorxub: “Buna görə də yerdən daşı götürdüm. Qərib mənə daş atanda aramızda təxminən 15-20 metr məsafə olub. Yerdən daşı götürüb Qəribə tərəf gəldim. Bu zaman Qərib asfalt yoldan fermalara doğru gedən torpaq yolun kənarında, ət dükanlarının yaxınlığında durdu. Qəribə yaxınlaşıb sağ əlimdə tutduğum daşla onun alın nahiyəsinə iki zərbə vurdum. Bu zaman Qərib sağ göz nahiyəmə 2-3 yumruq vurdu. Ayağım ilə Qəribə qarşı fənd işlədərək onu yerə yıxdım və əlimdəki daşla bir daha Qəribin təpə nahiyəsinə 1 zərbə vurdum. Bu vaxt Qərib yerə yıxıldı və artıq mənə müqavimət göstərə bilmədi. Əlimdəki daşı oralarda bir yerə ataraq Xaçmaz şəhəri istiqamətində bir qədər gəldikdən sonra Qəribə nəsə ola biləcəyindən ehtiyat edərək geri qayıtdım. Qəribə çatanda onun yerdə uzanmış vəziyyətdə olduğunu gördfüm. Lakin danışa bilmirdi. Qəribi əynində olan pencəyindən tutdum və yerdə sürüyərək torpaq yolun kənarındakı su arxının yana gətirdim. Qəribin üzünə su vuraraq onu ayıltmaq istədim. Bu məqsədlə Qəribi ayağa qaldıraraq baş nahiyəsini arxa doğru əydim bu zaman Qəribin pencəyi əlimdən sürüşdü və Qərib arxın içərisinə düşdü. Mən qorxduğumdan özüm də bilmədən heç nə olmamış kimi qaça-qaça Xaçmaz şəhəri istiqamətində hərəkət etdim. Xaçmaz şəhəri ərazisində bir qədər gəzdikdən sonra saat 7 radələrində “VAZ 2106” markalı, nömrəsini xatırlamadığım, tanımadığım taksi ilə müdürüm  Bəxtiyarın yanına getdim. Lakin baş vermiş hadisə barədə Bəxtiyara heç bir məlumat vermədim”.

İş üzrə zərərçəkmiş Qəribin hüququ varisi qismində ifadə verən oğlunun sözlərinə görə, Xaçmaz rayonu, Müşkür kəndində balaca qardaşı Kamran və atası Qərib ilə bir yerdə yaşayıb: “Anam 2014-cü ildə uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib. Bacılarım Yeganə və Səidə isə ailə həyatı quraraq gəlin köçüblər. Atam heç bir yerdə işləməyib və fərdi əmək fəaliyyəti ilə məşğul olaraq özünü dolandırıb. Qərib mehriban, sakit, heç kimlə işi olmayan biri olub. Qəribin hansısa şəxslə arasında dava-dalaş, mübahisə və ya şəxsi ədavəti olmasını eşitməmişəm”.

Hüquqi varis bildirib ki, Yalçın Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində fındıq alveri ilə məşğul olan Bəxtiyar adlı şəxsin yanında fəhlə kimi işləməsi ilə əlaqədar tanıyıb:

“Yalçınla aramızda dostluq, düşmənçilik və ya şəxsi ədavətimiz olmayıb. Sentyabrı 14-də saat 23 radələrində atamı evə gəlmədiyi üçün narahat oldum və onu axtarmağa başladım. Çünki atam adətən evə gec gələn biri olmayıb. Atamın sentyabrın 15-də, saat 3 radələrinə kimi kənd ərazisində axtardım və istifadəsində olan mobil telefon nömrəsinə dəfələrlə zəng etdim. Lakin atam zənglərimə cavab vermədi. Kənd ərazisində atamı axtarsam da, tapa bilmədim. Sentyabrın 15-də, saat 10-11 radələrində mənə zəng edilərək atamın xəstəxanada olması barədə məlumat verildi. Əmim Elbəyi və qardaşım Kamranla birlikdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gəldik. Oradakı mühafizəçi bizi morqa aparanda atamın ölməsindən məlumatım oldu. Həmin gün morqda atamın meyitini müayinə etdikdən sonra bizə təhvil verdilər. Meyiti morqdan təhvil aldıqdan sonra atamı Müşkür kənd qəbirstanlığında dəfn etdik. Sonradan məlumatım oldu ki, gecə saatlarında Xaçmaz-Xudat avtomobil yolunun kənarında Yalçınla atamın arasında mübahisə olub və Yalçın daşla atamın baş nahiyəsinə vuraraq sonu öldürüb”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Yalçın 17 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top