Güclü külək sabah da davam edəcək — Təhlükədən necə qorunaq?

SOSİAL 21 iyn 2024, 15:43
İyunun 21-də ölkənin bəzi rayonlarında başlayan güclü külək sabah da davam edəcək. Əlverişsiz hava şəraiti ilə bağlı Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri əhaliyə müraciət edib. Məlumatda vətəndaşlar gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırılıb. 

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, əlverişsiz havalarda insanlar təhlükəsizlik qaydalarına riayət etməlidirlər ki, həyat və sağlamlıqlarına ziyan dəyməsin:



“Güclü külək, qasırğa zamanı çöldə olarkən hündür ağacların altında dayanmaq olmaz. Elektrik dirəkləri, naqillər, elektron lövhələr, yüngül konstruksiyalı müvəqqəti tikililər, çoxmərtəbəli yaşayış binalarının yanından uzaqlaşmaq lazımdır. Çünki insanın üzərinə daş, dəmir parçası düşə bilər, yəni bacardıqca açıq ərazilərdə olmamaq  lazımdır. Həyətdə və evdə də aşma, uçma təhlükəsi olan əşyaları qapalı yerə keçirmək lazımdır. Nəqliyyat vasitələrinin üzərinə nəsə düşə bilər. Uşaqları diqqətlə saxlamaq lazımdır. Qapı-pəncərəni möhkəm bağlamaq lazımdır, çünki güclü küləyin təsirindən şüşələr sına, evdəki şəxslərin üzərinə düşə bilər. Yanğın təhlükəsizliyi qaydalarına da əməl etməyi unutmuruq. Kiçik bir alışma, qığılcım külək səbəbilə böyük yanğına çevrilə bilər. Ehtiyac olmadığı halda fərdi nəqliyyat vasitələrindən istifadə etməmək tövsiyə olunur. Çünki nəqliyyat vasitəsi idarəetmədən çıxa, üzərinə nəsə düşə bilər. Mümkün qədər uzaq məsafələrə gediş-gəlişi təxirə salmaqda fayda var”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 iyl 2024, 12:44
Top