Mingəçevirdə ər arvadını döydü —TƏFƏRRÜAT

KRİMİNAL 30 may 2024, 14:43
Mingəçevir şəhərində 1991-ci il təvəllüdlü Aqil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Fərqanəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Mingəçevir şəhəri, Günəş küçəsində baş verib. Aqil arvadı Fərqanə ilə aralarında spirtli içki qəbul etməsi səbəbindən yaranmış mübahisə zamanı onun burun nahiyəsinə yumruqla zərbə vurub. 

Hadisəni törədən Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təqsirini boynuna alır və hadisə baş verən günü içkili olub: “Həmin gün çöldə olmuşam, kafedə tək yeyib-içmişəm. Evə gəldikdən sonra arvadım ilə mübahisə elədim. Mən evdə yox, çöldə yeyib-içmişəm. Dalaşmağımıza səbəb isə yoldaşının məndən xəbərsiz gizli telefon işlətməsi olub. Mən də ona görə əsəbləşib onu döymüşəm. Əvvəllər aramızda ailə daxili mübahisələr olub. Biz 6 ildir ki, ailəliyik. Bu müddət ərzində onun gizli telefon işlətməsini görməmişəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan əlavə Fərqanə ona votpsapda başqa sevgilisi ilə danışdığını bildirib: “Bu davanın daha da böyüməsinə səbəblərdən biri də bu oldu. Fərqanə isə mənə telefonla sevgilim ilə danışdığımı deyib. Mən uzun müddət harada iş olubsa günə muzd işləyərək ailəmə, uşaqlarıma baxmışam. Uşaqlarıma, ailəmə baxmaqdan heç vaxt imtina etməmişəm. Sumqayıt şəhərinə getməyimin də səbəbi işsizlik olub”. 

İş üzrə zərərçəkmiş Fərqanənin sözlərinə görə, Aqil gələndə evin qapısı bağlı olub: “Hasardan keçərək evə daxil oldu. Həmin gün Aqil içkili vəziyyətdə idi. Düzdür özüm gizli telefon işlətmişəm. Mənim gizli telefon işlətməyimin səbəbi Aqilinin telefonumu qəsdən sındırması olub. Mənim uşağım məktəbə gedir. Uşaqdan ötrü məcbur olub 25 manata başqa bir telefon almışam. Uşaq məktəbdə olanda onunla əlaqə saxlamaq üçün məcbur olaraq telefonu almışam. Aqil evə gələndən sonra məni möhkəm döydü. Aqil evə gələndə Abbas adlı dostu ilə gəlmişdi. Onunla yeyib içdikdən sonra Aqil dostunun yanında məni döydü. Aqil məni əvvəllər də döyüb. Bundan əvvəldə münaqişələrimiz olub. Heç vaxt normal ailə kimi yola getməmişik. Bundan əlavə Aqil 6 aydır Sumqayıt şəhərində işləyir, uşağı ilə, ailəsi ilə maraqlanmayıb”.

Bu cinayət işinə Mingəçevir Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Aqilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top