Elektrikli avtobuslar sərnişindaşımaya nə qədər uyğundur? — Açıqlama

İNFRASTRUKTUR 18 sentyabr 2026, 19:00
Elektrikli avtobusların şəhərdaxili sərnişindaşımada istifadəsi son illər genişlənir. Bu nəqliyyat vasitələrinin ekoloji üstünlükləri ilə yanaşı, istismar xərcləri, enerji sərfiyyatı və texniki xidmət məsələləri də onların səmərəliliyi baxımından ön plana çıxır.

Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, elektrikli avtobuslar sərnişindaşımada o qədər də uyğun deyil.



Onun sözlərinə görə, elektrikli avtobuslar qısa məsafələr üçün daha uyğun ola bilər, lakin şəhərdaxili marşrutlarda tıxac problemi və digər amillər onların istismarına təsir göstərir:

“Onların baxımı əsas məsələdir. Sərnişinin görə bildiyi tərəf budur. Görə bildiyi tərəfdən, bəli, ara-sıra belə hallar ola bilər və olur da. Amma onların baxımı və ümumiyyətlə sonrakı istismar müddəti çox çətindir. Yəni bir sahibkar üçün belə yatırım ən çətin yatırımlardan biridir.

Sadəcə, indi burada artıq beynəlxalq öhdəliklər, tullantıların miqdarı və s., iqlim dəyişikliyi fonunda bu, bir növ öhdəlik kimi marşrutlarda tətbiq edilir. Yoxsa, əslində, o qədər də uyğun deyil.

Hətta bir neçə il əvvəl bu məsələ müzakirə olunanda avtobus daşıyıcılarının rəhbərləri özləri də deyirdilər ki, bu, əslində, bizim üçün sərfəli olmayacaq. Yəni bu, bir məcburiyyətdir. Ən azından burada başqa, hibrid variantlar olsa, təbii ki, bu variantları biz indi minik avtomobillərində də görürük və bu, daha rahat olardı.

Amma bunun sonrakı istismarı və baxımı çətin olacaq. Yəni onu indi heç kim deyə bilməz ki, sonra bizi nə gözləyir. Amma onun baxımı, qulluğu, bəli, bizim bildiyimiz normal benzin və dizel avtobuslarının istismarından kifayət qədər çətindir.

Amma indi dizel avtobusları görürük, çox bərbad vəziyyətdədir, tüstülənmə və digər problemlər var. Ona görə ekoloji baxımdan, belə deyək də, biz bir növ bəzi çətinlikləri gözə alırıq. Amma əslində, bəli.

Bu avtobuslar, təbii ki, hər gün şarj stansiyalarında doldurulurlar. Orada da az vaxt aparmır, xeyli gözləmələr olur. Bunlar sərnişinlərin görmədiyi tərəflərdir, təbii ki”, - deyə Raqif Raufoğlu fikrini tamamlayıb.

Qeyd edək ki, sentyabrın 17-də səhər saatlarında Bakıda 65 nömrəli marşrut üzrə hərəkət edən elektrikli avtobusda problem yaranıb. Sərnişinlər avtobusdan düşürülüb. İlkin məlumatda avtobusun enerji ehtiyatının tükəndiyi bildirilsə də, “Xaliq Faiqoğlu” şirkəti avtobusun enerjisinin bitmədiyini, qısamüddətli elektrik problemi yarandığını və problemin 10 dəqiqə ərzində həll edildiyini açıqlayıb.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top