Onlayn satılan məhsulların qiyməti artacaq? — Açıqlama

İQTİSADİYYAT 18 sentyabr 2026, 20:00

Xarici onlayn platformalardan alınan bəzi rəqəmsal xidmətlərin yekun qiyməti dəyişə bilər. Yeni qaydaya əsasən, Azərbaycanda istifadəçilərə rəqəmsal xidmət göstərən qeyri-rezident şirkətin illik dövriyyəsi 10 min dolları keçərsə, 30 gün ərzində elektron vergi uçotuna alınmalıdır. 18 faizlik ƏDV əvvəllər də tutulurdu, lakin yeni mexanizmdə vergini xarici şirkət özü hesablayaraq büdcəyə ödəyəcək. Platforma qiyməti dəyişməzsə, istifadəçinin ödədiyi məbləğ azala, vergi qiymətə əlavə olunarsa, bəzi xidmətlər bahalaşa bilər. Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn, mühəndis xidmətləri, canlı onlayn təlimlər və tədbir biletləri isə bu mexanizmə daxil deyil.

Yeni vergi mexanizmi xarici rəqəmsal xidmətlərin qiymətinə və Azərbaycan istifadəçilərinin xərclərinə necə təsir göstərəcək? Yerli sahibkarlarla rəqabət baxımından hansı dəyişikliklər gözlənilir?

İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, bu yanaşma tam olmasa da, beynəlxalq praktikada geniş istifadə olunan yanaşmaya yaxın mexanizmdir:

“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının beynəlxalq ƏDV qaydaları da rəqəmsal xidmətlərin istehlakçının yerləşdiyi yurisdiksiyada vergiyə cəlb edilməsini və xarici təchizatçıların sadələşdirilmiş qeydiyyat və ödəniş mexanizmləri ilə vergi öhdəliyini yerinə yetirməsini tövsiyə edir.

Amma Azərbaycan vergi sisteminin problemi yalnız xarici platformadan ƏDV toplamaqdan ibarət deyil. Əsas məsələ vergi sisteminin ümumi fəlsəfəsi və iqtisadi münasibətlərin dəyişmə sürətidir. Rəqəmsal iqtisadiyyat artıq fiziki sərhədləri, ənənəvi satış kanallarını və klassik vergi bazasını dəyişib. Xarici şirkət Azərbaycanda ofis açmadan, işçi saxlamadan və fiziki obyekt yaratmadan Azərbaycan istehlakçısına xidmət sata bilir. Vergi sistemi isə belə iqtisadi münasibətləri yalnız ayrıca dəyişikliklərlə izləməyə çalışırsa, gecikmiş inzibatçılıq modeli yaranır. İƏİT-in məlumatına görə, rəqəmsal xidmətlərin sürətli inkişafı ənənəvi ƏDV sistemlərinin dizaynı və inzibatçılığı qarşısında fundamental problemlər yaradıb və bu səbəbdən 100-dən çox yurisdiksiyada beynəlxalq yanaşmalar əsasında islahatlar həyata keçirilib. Daha ciddi məsələ vergi yükünün iqtisadi subyektlər arasında necə bölüşdürülməsidir.

Xarici platforma ƏDV-ni qiymətə əlavə edərsə, son yük istehlakçıya keçə bilər. Qiyməti dəyişməzsə, verginin müəyyən hissəsi platformanın marjasına düşə bilər. Yerli şirkət isə eyni bazarda fəaliyyət göstərərkən vergi, əmək, inzibati və digər xərcləri daşıyır. Buna görə vergi siyasətinin əsas prinsiplərindən biri rəqabət neytrallığı olmalıdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yanaşmasında da rəqəmsal və ənənəvi biznes arasında bərabər rəqabət mühitinin yaradılması xüsusi əhəmiyyət daşıyır”.

İqtisadçı əlavə edib ki, Azərbaycanın vergi sistemində isə tez-tez belə bir yanaşma müşahidə olunur: iqtisadi münasibət dəyişir, sonra həmin dəyişikliyə uyğun vergi mexanizmi qurulur:

“Halbuki müasir vergi siyasəti bazarın arxasınca getməməli, iqtisadi transformasiyanı əvvəlcədən nəzərə alan inzibatçılıq modeli yaratmalıdır. Rəqəmsal xidmətlər, platforma iqtisadiyyatı, elektron ticarət, sərhədlərarası xidmətlər və qeyri-rezident təchizatçılar artıq ayrıca və müvəqqəti mövzu deyil. Bunlar iqtisadiyyatın əsas hissələrindən birinə çevrilir. Vergi sisteminin hər dəfə yeni fəaliyyət növü meydana çıxdıqda ayrıca norma ilə ona reaksiya verməsi uzunmüddətli həll sayıla bilməz. Burada daha çevik, texnologiyaya əsaslanan və risk əsaslı vergi inzibatçılığına ehtiyac var. İƏİT də rəqəmsal iqtisadiyyat üzrə vergi uyğunluğunun təmin edilməsində müasir risk əsaslı inzibatçılığı və dövlətlərarası inzibati əməkdaşlığı əsas istiqamətlərdən biri kimi göstərir. Mənim fikrimcə, Azərbaycanda vergi islahatlarının növbəti mərhələsi yalnız yeni vergi bazaları tapmaq üzərində qurulmamalıdır. Əsas məqsəd vergi ödəyicisinin iqtisadi fəaliyyətini əvvəlcədən anlayan, rəqəmsal əməliyyatları real vaxtda təhlil edə bilən, yerli və xarici biznes üçün mümkün qədər neytral rəqabət mühiti yaradan və inzibati yükü minimuma endirən sistem qurmaq olmalıdır. Xarici rəqəmsal xidmət təchizatçılarının uçota alınması bu istiqamətdə müəyyən addımdır. Lakin müasir vergi sistemi bir neçə yeni maddə ilə deyil, bütöv vergi fəlsəfəsinin dəyişməsi ilə formalaşır. Əgər iqtisadiyyat rəqəmsallaşır, amma vergi inzibatçılığı hələ də əsasən ənənəvi iqtisadiyyatın məntiqi ilə işləyirsə, yaranan boşluğu ayrı-ayrı vergi dəyişiklikləri ilə uzun müddət bağlamaq mümkün olmayacaq. Vergi sistemi iqtisadiyyatın arxasınca qaçan mexanizm yox, onun inkişaf modelinə uyğunlaşan institusional sistem olmalıdır”.

Fidan Hacızadə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

18 sentyabr 2026, 20:38
Top