Xırdalanda 33 yaşlı kişi arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 22 fev 2024, 12:20
Abşeron rayonunda 1991-ci il təvəllüdlü Rahib ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı İradəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-
ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 25-də Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində baş verib. Rahib həmin gün, saat 11.20-də ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı İradənin ona xəstələnmiş azyaşlı övladlarına doşab məhsulu vermədiyinə görə irad bildirib. 

Bununla bağlı ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək İradənin üzərinə hücum edib, qəsdən onun qolundan dişləyib, əli ilə saçından tutaraq dartmaqla yerə yıxıb, yumruq və təpik zərbələri ilə sifət, baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub. 

Hadisəni törədən Rahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş İradə ilə 5 ildir rəsmi nikahda ər-arvad münasibətində yaşayır:

“Ailə daxili münaqişələrimiz təxminən 1 ildir ki, başlayıb. Buna səbəb mənim işsizliyimin olmasıdır. Hadisədən əvvəl qardaşım Şabran rayonundan bizə qonaq gəldi. Hadisə günü, saat 11.20-da mən İradə ilə azyaşlı övladıma doşab vermədiyinə görə və uşağın baxçaya gecikdiyinə görə, eyni zamanda uşağın xəstə olması səbəbindən mübahisə etməyə başladıq. İradə qardaşımın yanında mənə sərt cavablar verdiyindən bundan hiddətləndim. Əsəbimi soyutmaq üçün, eyni zamanda İradəyə əl qaldırmamaq üçün onun sol qolundan 1 dəfə dişlədim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra İradənin baş nahiyəsindən 1 dəfə yüngül şillə ilə vurub: “Biz təxminən 5-10 dəqiqə dalaşdıqdan sonra qardaşım bizi ayırdı. İradə bu zaman Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdi. İradənin polisə müraciət etdiyini gördüm, onu avtomobilə əyləşdirərək Abşeron Rayon Polis İdarəsinə gətirdim”. 

İş üzrə zərərçəkmiş İradənin sözlərinə görə, təqsirləndirilən şəxs ilə 5 ildir rəsmi nikahdadır, bu nikahdan 1 azyaşlı övladı var: “Evləndiyimiz gündən Rahiblə münasibətlərimiz yaxşı olmayıb. Mən ailə qurduqdan sonra Rahib məni mütəmadi olaraq əsassız təhqir edib, bir sözlə münasibəti son zamanlar pis olub. Ailədə baş vermiş münaqişələrə görə çoxdan Rahibdən ayrılmaq istəsəm də, uşaq körpə olduğu üçün bunu etməmişəm. Nəhayət ki, təxminən hadisədən 10 gün öncə boşanmaq üçün Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət etdim”. 

Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat 11.20-də uşaq xəstə olduğundan Rahib ona “uşaq öskürür, niyə ona doşab vermirsən” deyə bildirib: “Mən də Rahibə bildirdim ki, uşağa dərman vermişəm, dərmandan sonra doşab vermək olmaz. Uşağa doşab verməməyimdən əsəbiləşən Rahib mənimlə mübahisə etməyə başladı. Mətbəxdə olan Rahibin məni söydüyünü evdə olan qardaşı hamam otağından çıxaraq Rahibi sakitləşdirmək istədi. Rahib məni söyməkdə davam edərək üzərimə hücum etdi. Evdə çarpayıda əyləşən zaman Rahib mənə yaxınlaşdı, əvvəlcə mənim başımdan yumruqlarla zərbələr vurdu, saçımdan tutaraq məni yerə yıxaraq sürüdü. Ardınca sol qolumdan dişlədi və başımdan təpiklə zərbələr vurdu. Həmin vaxt Rahibin qardaşı onu məndən aralamağa nail oldu. Bundan sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurdu, bu barədə məlumat verdi. Həmin vaxt Rahib bunu gördü. Üzərimə hücum edərək yumruq və təpiklə baş, kürək nahiyələrimə zərbə vurmaqda davam etdi. Bundan sonra qardaşı Rahibi evdən bayıra çıxardı”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Rahibin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top