Evindən oğurluq edildi, atası və qardaşı isə...

KRİMİNAL 26 dek 2023, 13:57
İsmayıllı rayonunda 1980-ci il təvəllüdlü Ayaz Babayev qardaşı Pərvizə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 6-da İsmayıllı rayonunun İsmayıllı kəndində baş verib. Ayaz yaşadığı evin həyətinin giriş hissəsində şəxsi münasibətlər zəminində qardaşı Pərvizin sifət nahiyəsindən qəsdən başla və daha sonra isə öz hərəkətlərini davam etdirərək bir neçə dəfə qəsdən yumruq zərbələri vurub.

Hadisəni törədən Ayazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, İsmayıllı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır: “MMC-də satış meneceri vəzifəsində çalışıram. İş üzrə zərərçəkmiş Pərviz qardaşımdır. Mən uzun müddət hər ay məvacibimdən hissə-hissə 25000 manat pul yığmışam. Pul evimdə olub, həmin pul 30 iyul 2022-ci ildə naməlum şəraitdə oğurlanıb. Bu barədə İsmayıllı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişəm. Hal-hazırda həmin hadisə İsmayıllı rayon polis şöbəsinin İstintaq bölməsində araşdırılır, hələlik oğurluq edən şəxs və ya şəxslər müəyyən olunmayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 6 iyul 2023-cü ildə, saat 18 radələrində evində olduğu vaxt qonşuluqda yaşayan atası Aydının onu qapılarından çağırdığını eşidib: “Mən həyətə düşdüm və qapını açdım. Bu zaman atam mənə “gəl bizə gedək, səninlə işim var” dedi. Mən də atama “sizə getmirəm, sözün varsa içəri keç və sözünü de” dedim. Atam məndən nə üçün polisə onlar barəsində oğurluğa görə şikayət etdiyimi soruşdu. Mən də atama onlar barəsində yox, pulumun oğurlanması barədə polisə şikayət etdiyimi dedim. Həmin vaxt qapı döyüldü. Atam Aydın qapını açmaq istədikdə, atama iradımı bildirdim və “mənim qapımı sən niyə açırsan?” dedim”. 

Ayaz deyib ki, daha sonra atası Aydının əlindən tutaraq yavaş şəkildə küçəyə çıxarıb: “Həmin vaxt küçədə olan qardaşım Pərviz və qonşumuz Elçin Daşdıyev mənə qarşı kobud ifadələr işlətdi. Bu zaman Pərviz və atam qapının yarı çöldə yarı içəri vəziyyətində dayandı. Mən qapını bağlamaq üçün atam Aydını, əlim ilə isə qardaşım Pərvizi itələdim. Həmin vaxtı atam, qardaşım və qonşumuz Elçin qəflətən içəri girdi. Bizim aramızda mübahisə yarandı. Mübahisə zamanı qarşılıqlı olaraq bir-birimizi vurduq. Qardaşım Pərviz məni tutdu, atam Aydın isə məni vurdu. Səs-küyǝ ögey anam Nəzakət və yoldaşım Ruhəngiz də ora gəldilər. Dava zamanı arvadıma təpik zərbəsi dəydiyindən əsəbləşdim. Başım ilə, sonra da yumruqla qardaşım Pərvizi vurdum. Daha sonra onlar aralaşaraq çıxıb getdilər”. 

İş üzrə zərərçəkmiş Pərvizin sözlərinə görə, İsmayıllı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır: “Servis mərkəzində çilingər vəzifəsində çalışıram. Təqsirləndirilən Ayaz qardaşımdır. Aramızda hər hansı bir düşmənçilik olmasa da, onunla uzun müddətdir ki, danışmırıq. 30 iyul 2022-ci ildə qardaşım Ayaza məxsus evdən özünün dediyinə görə oğurluq hadisəsi baş verim, Ayaza məxsus 25000 məbləğində pul oğurlanıb. Ayaz bu barədə İsmayıllı rayon polis şöbəsinə müraciət edib. Bununla bağlı onlar İsmayıllı rayon polis şöbəsinə izahat vermək üçün getdim. Bu  hadisədən sonra qardaşım Ayaz atam Aydın və mənə qarşı pis münasibət göstərdi. Doğma kimi bizə hörmət qoymadı. Dəfələrlə mən və atam Ayaz ilə bu barədə danışaraq onunla söhbət etmək istəsək də, Ayaz bizə əhəmiyyət verməyib. Ayaz baş vermiş bu hadisədə qonşuluqda yaşayan Elçin Daşdiyevdən də şübhə etməyə başlayıb”. 

Zərərçəkmiş qeyd edib ki, 6 iyul 2023-cü ildə, saat 17 radələrində qonşusu Elçinə zəng edib və onu həyətinə dəvət edib: “Həmin vaxt atam Aydın da bizimlə oturub. Atam Ayazgilə gedərək sonuncunu söhbət etmək üçün çağırmaq istədi. Atasm Ayazın mobil nömrəsinə zəng etdi. Lakin Ayaz zənglərə cavab vermədiyindən atam özü onun qapısına getdi. Bundan az sonra mən də Elçin ilə birlikdə Ayazgilə getdik. Ayaza məxsus evin darvazasının qarşısına çatdıqda həyətdən səs gəldiyini eşitdim. Qapını açmaq istəyərkən qapının bağlı olduğunu gördüm. Ayazın atam Aydını içəridə döydüyünü fikirləşərək qapını döyməyə başladım. Bir qədər sonra kimsə darvazanı açdı. Bu zaman Ayazın atamı itələyib vurduğunu gördüm. Mən tez Ayaza yaxınlaşıb nə üçün atasını vurduğunu soruşdum. Ayaz məni yumruqla vurmağa başladı. Ayaz qəflətən məni tutaraq həyətə, yəni davazanın arxasında darvazaya sıxdı, sifət nahiyəmə başı ilə vurdu. Ayaz məni ilkin olaraq kəllə ilə vurdu. Daha sonra isə yumruqla başıma və yan gicgah nahiyəmə zərbələr vurdu. Sonra Ayaz yenə atamın üstünə hücum edərək, ona təpik və yumruq zərbələri atdı. Mən onların arasına girdim və ayırmağa çalışdım. Daha sonra isə analığım Nəzakət, qonşumuz Elçin və Ayazın arvadı Ruhəngiz də ora gəldilər. Onlar da bizi ayırmağa çalışdılar. Ayazın əlindən çıxdım və avtomobilinə əyləşib birbaşa polis şöbəsinə gələrək döyülməm barədə məlumat verdim”.

Bu cinayət işinə İsmayıllı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ayazın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top