Poti limanı Fransadan Ermənistana hərbi texnikanın çatdırılmasını təsdiqlədi

DÜNYA 14 noy 2023, 13:10
Gürcüstanın Poti limanı Fransadan Gürcüstan vasitəsilə Ermənistana hərbi texnikanın çatdırılmasını təsdiqləyib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə “APM Terminals Poti”dən “Azadlıq radiosu”nun yerli xidmətinə bildirilib.

“Bu məsələ ilə bağlı vurğulamaq istərdik ki, bu yük Avropa İttifaqı ölkəsindən - Fransadan daxil olub və sanksiya tətbiq edilməyən ölkəyə - Ermənistana yönəlib. Bundan əlavə, Gürcüstan hökumətinin dəqiq göstərişləri və beynəlxalq tənzimləyicilər tərəfindən qoyulmuş məhdudiyyətlər olmadığı hallarda, Gürcüstanda və regionda çoxməqsədli liman olan "APM Terminals Poti”nin sanksiya tətbiq edilməmiş yükləri qəbul etməkdən əsassız olaraq imtina etmək imkanı yoxdur”, - deyə limanın açıqlamasında bildirilib.

Qeyd edək ki, bazar günü Fransa zirehli hərbi texnikasının Gürcüstandan keçərək Ermənistana aparılması barədə xəbərlər yayılıb.

Noyabrın 11-dən 12-nə keçən gecə Gürcüstanın Poti limanında Ermənistan ordusuna tədarük edilməsi nəzərdə tutulan, “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar yüklənərək göndərilib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Fransanın Ermənistana “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar göndərməsini pisləyib.

Ermənistan MN isə Fransa zirehli texnikasının ölkəyə tədarükü ilə bağlı xəbərləri şərh etməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top