"Necati mənə və yoldaşıma çox hörmətsizliklər edib, bir dəfə..." — "Ömər baba" hər şeyi danışdı

REGİON 21 sentyabr 2026, 23:37
“Kurtlar Vadisi”ndə “Ömər baba” obrazını canlandıran məşhur aktyor Emin Olcay illər sonra serial və baş rolu ifa edən Necati Şaşmazla bağlı maraqlı açıqlamalar verib.

Ustad aktyor serialdan niyə və necə ayrıldığına aydınlıq gətirib.

O bildirib ki, serialda ilk bölümdən rol alıb və 12 il boyunca “Ömər baba” obrazına can verib. İlk vaxtlar onun dialoqlarını Ömer Lütfü Mete yazıb. Lakin Ö.L. Metenin ölümündən sonra dialoqlar üzərində Necati Şaşmazın atası işləyib. Bir müddət sonra ata Şaşmaz da yazmaqdan imtina edib:

“Oynadığım obraz üçün dialoqlar yazılmırdı, etiraz etsəm də, durum dəyişmədi. Buna görə də iki il serialdan ayrılmaq üçün mübarizə apardım. Hətta mediaya verdiyim bir açıqlamada “Ömər baba obrazına nöqtə qoymuşam” dedim. Bu açıqlama “Pana Film”in xoşuna gəlmədi və aramızda narazılıq yarandı”.

Aktyor Şaşmaz qardaşları ittiham edərək, onların düzgün və dürüst adamlar olmadığını bildirib:

“Raci və Necati Şaşmaz qardaşları babalarına və atalarına heç oxşamırlar. Yaxşı və dürüst insanlar deyillər. İnşaat işinə girmişdilər. “Pana Film”də çalışan əməkdaşların bəziləri mülk sahibi olmaq üçün onlara pul ödəmişdilər. Həmin pulları da batırdılar. İllərdir işləri məhkəmədədir. Mən 12 il onlarla aşağı qonorarla işləmişəm. Serialda teatrda mənim tələbələrim olan insanlar da çalışıb. Onlara çox pul verirdilər. Məni həmişə ikinci sinif insan kimi görərək aşağı maaş verdilər. Etirazımı hər bildirəndə Raci mənə “maddi baxımdan çox pis vəziyyətdəyik” deyirdi. 

Həyat yoldaşım Hayat Olcay serialda “Elif” obrazının anasını canlandırıb. “Elif” öldükdən sonra yoldaşım üçün də səhnə yazmadılar, lakin serialdan da çıxarmadılar. Buna görə yoldaşım başqa film təkliflərinə “hə” deyə bilmədi. Məni çox incitdilər. Necati mənim çox xətrimə dəyib. İllərin teatr və kino aktyoruyam. Necati mənə “elə oyna”, “belə oyna” deyib yol göstərirdi. Düşünün, bunu mənə ilk işi “Kurtlar Vadisi” olan biri deyir. Mən illərlə onun dirək kimi oynamasına dözmüş, xətrinə dəyməmişdim. Necati çox eqolu adamdır, buna görə də etdiklərinin hörmətsizlik olduğunu da anlamırdı. İllərdir etdikləri haqsızlıqlara, hörmətsizliklərə dözə bilmirdim ”.

Emin Olcay bildirib ki, ona serialdan ayrılacağını Necati Şaşmaz xəbər verib:

“Necati çağırıb dedi ki, 4 seriya sonra ayrılacaqsan. İki ildir bunu istəyirdin. Bu 4 seriya üçün də qonorarını artıracağıq. Son 4 seriyada günah çıxarırmış kimi mənə yüksək qonorar verdilər. Necati daha sonra məni incidən bir şey də etdi. Dedi ki, indi sən serialdan çıxırsan, gəliriniz olmayacaq. Heç olmasa, həyat yoldaşın qalsın. Mən isə cavabında bildirdim ki, həyat yoldaşım illərin aktrisasıdır, bu təklif onu ehtiyat təkər yerinə qoymaqdır və çox ayıbdır”.

Aktyor serialın ilk rejissoru Osman Sınavın qəfil ayrılığı məsələsinə də toxunub və onun da Şaşmaz qardaşlardan incik olduğunu diqqətə çatdırıb:

“Osman Sınavın ayrılığı bizim üçün çox gözlənilməz idi. Yeni mövsüm üçün bütün heyət səhər yeməyinə toplaşmışdıq. O. Sınav orada mikrofonu əlinə alıb serialla əlaqəsinin bitdiyini və layihəni Raci Şaşmaza verdiyini açıqladı. Ertəsi gün onunla görüşdüm. Məni və həyat yoldaşımı seriala o dəvət etmişdi. Buna görə də bizim də serialdan ayrıla biləcəyimizi dedim. Lakin Osman “siz qalın, sizin qalmağınız layihə üçün mühümdür” dedi. Maraqlı olan bu idi ki, Osman həmin vaxt təkcə “Kurtlar Vadisi”ni deyil, digər layihəsi olan “Ekmek Teknesi”ni də Raci və Necati Şaşmaz qardaşlara bir qəpik belə almadan verdi.

Osmana təzyiqlər olduğunu düşünürəm. Çünki mafiya çəkişmələrinin çəkildiyi serialar zamanı Osmanın belində silah görmüşdüm. Tədbirli gəzirdi. Bir dəfə səsləndirmə üçün gecə Osmanın ofisinə getmişdim. Yaxınlaşanda gördüm ki hər yer qara “Cip”lərlə doludur. İçəridən Osmanla birgə ağ saçlı bir adam çıxdı. Mənlə salamlaşdıqdan sonra avtomobilinə minib getdi. Osmandan bu şəxslərin kim olduğunu soruşdum. Dedi ki, bu adam “mafiya ombudsmanı”dır, aranı o düzəldir. Mafiya onsuz heç bir iş görmür. Osman layihəni Şaşmaz qardaşlara təhvil verdikdən sonra onlarla heç görüşmürdü. O da onlardan incik idi”.

Emin Olcay serialla bağlı FETÖ araşdırmasının başlamasından da danışıb:

“Araşdırma başladılmasını doğru hesab edirəm. Həqiqətlər ortaya çıxsın. Əgər səhv ediblərsə, qoy gün üzünə çıxsın, cəzalarını çəksinlər, yox səhv etməyiblərsə, təmizə çıxsınlar. Ümid edirəm ki, bundan sonra təmiz və əxlaqlı yaşayarlar, çünki bunlar gəncdir, qarşıda onları uzun ömür gözləyir. Allah yollarını açıq etsin”.(savashmedia.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

21 sentyabr 2026, 21:44
Top