SON DƏQİQƏ! Bakıda qadın qonşusu tərəfindən döyüldü

HADİSƏ 25 may 2023, 14:26
Bakının Qaradağ rayonunda 1984-cü il təvəllüdlü Teymur şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qonşusu Samirəyə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 30-da Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. 

Teymur yaşadığı binanın üçüncü mərtəbəsinin dəhlizində qonşusu Samirə ilə məişət zəminində mübahisə yaranıb. 

O, mübahisə zamanı Samirənin yaşadığı mənzilin qapısına qəsdən əli ilə vuraraq ona xəsarət yetirib. 

Hadisəni törədən Teymurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, dekabrın 30-da, saat 18.20-də qonşusu Samirə ilə onun arasında mübahisə yaranıb: 

“Mübahisə zamanı əsəbləşərək Samirənin yaşadığı mənzilin qapısını bir dəfə əlim vurdum. Əlim ilə vurduğum qapı Samirənin başına dəydi və Samirə yıxıldı. Bizim aramızda mübahisəyə səbəb isə Samirənin spirtli içki içməyimə və siqaret çəkməyimə irad etməsi olub”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Samirənin sözlərinə görə, dekabrın 30-da qonşusu Teymurla  arasında mübahisə yaranıb: 

“Mübahisə zamanı yaşadığım mənzilə keçdim. Teymur əsəbləşərək əli ilə yaşadığım mənzilin qapısını vurdu və qapı başıma dəydi. Aldığım zərbədən yıxıldım. Teymur daim spirtli içki içərək ümumi istifadədə olan dəhlizdə söyüş söyməsinə, həmin dəhlizdə siqaret çəkməsinə irad etmişəm. Aramızda mübahisəyə bu səbəb olub”.
 
Zərərçəkmiş qeyd edib ki, bundan başqa hadisə baş verən gün Teymur içkili vəziyyətdə pilləkanda oturaraq onların öz şəxsi mənzillərinə daxil olmasına mane olub: 


“Həmin vaxt yanımızda ərim Kamildən başqa heç kim olmayıb. Hadisə təxminən bir neçə dəqiqə davam etdi. Hadisə zamanı mənə maddi ziyan dəyməyib. Bununla bağlı tələbim yoxdur. Hadisə barədə Daxili İşlər Nazirliyinin  “102” xidməti zəng mərkəzinə məlumat vermişəm”.

Zərərçəkmiş deyib ki, Teymur nəinki ona, digər qonşulara qarşı da aqressiv hərəkətləri edib. 

Qaradağ rayon Məhkəməsinin hökmü ilə Teymur  6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top