Tahir Kərimli "Green card"dan danışdı: “Amerikaya gedənlərin 10 nəfərdən minimum 7-si..."

SOSİAL 08 may 2023, 13:17
“ABŞ yaranan vaxtdan daim immiqrantların marağında olub. Onsuz da ABŞ immiqrant ölkəsidir, orada yerli əhalini - hinduları, eskimosları və digərlərini qırıb, Avropadan, başqa ölkələrdən gəlib özləri yerləşiblər. Yəni ABŞ zaman-zaman immiqrasiya hesabına formalaşıb. İndi isə “Green card”la həm də Amerikanın önəmini göstərməyə çalışırlar ki, orada iqtisadiyyat, azadlıq yüksək səviyyədədir, insanlar Amerikada yaşamaq, Amerika vətəndaşı olmaq üçün mübarizə aparırlar. Əslində istər Amerikaya, istər Avropaya gedənlərimizin onundan minimum yeddisi həmişə məğlubiyyətlərlə üzləşir, elə bir məmnunluq yaşaya bilmirlər. Vətəni atıb getmələrinə, bəlkə də, peşman olurlar. Amma bir halda ki insanlar arzulayırlar, getmək istəyirlər... Çünki bəzən ölkədaxili münasibətlərdən, iqtisadi inkişafdan narazı qalırlar, buna görə də daha yüksək rifah uğrunda həvəslə ABŞ-a gedirlər”.

Demokrat.az
xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat xarici ölkələri cəlb etmək üçün Azərbaycanda da belə bir lotereya təşkil edilməsi təklifinə isə belə cavab verib: “Azərbaycanın belə bir ənənəsi yoxdur. İndi Azərbaycana Əfqanıstandan, Pakistandan və digər dövlətlərdən müəyyən maraq var. Bəzən Suriyadan və s. ölkələrdən qeyri-leqal gəlir, yerləşirlər. Azərbaycanda adambaşına düşən daxili məhsul hələ indi-indi 7 min dollara yaxınlaşır. Amma ABŞ-da isə bu rəqəm 50 min dollardır. Fərq olduqca böyükdür. Buna görə də Azərbaycan Qərb ölkələrində yaşayanlar üçün cəlbedici olmaz. Onsuz da görürsünüz ki, Şərq, müsəlman ölkələri və digərləri yaşamaq üçün Afirka, Asiya ölkələrindən Qərbə üz tuturlar. Özlərini məhrumiyyətlərə salırlar, qanunsuz miqrasiyalar, dənizdə nə qədər batanlar olur. Güman etmirəm ki, Azərbaycanda “Green card”a yaxın bir sistem tətbiq olunsun. Bu, doğru olmazdı. Heç Azərbaycanda bunun tətbiqini də ciddi qarşılamazdılar. Buna görə də mənə mümkün görünmür”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top