Regionların inkişafı: daha çox hansı sahələrə vəsait ayrılmalıdır? — ARAŞDIRMA

REGİON 29 apr 2023, 09:32
Bu gün ölkəmizin inkişafı yalnız onun paytaxtının hesabına deyil, həmçinin regionların hesabına da baş verir. Bu, bir faktdır ki, regionlarımızdakı vəziyyət əvvəlki illərdə müqayisədə tamamilə dəyişib. Regionlarımız sözün əsl mənasında tamamilə yeni bir simaya malik olublar ki, bu da illər ərzində regionlarda aparılan işlərin müsbət nəticəsindən xəbər verir. Təbii ki, bu illər ərzində görülən işlər  regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.


Bu gün Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar davamlı olaraq, bir-birinin ardınca həyata keçirilməkdədir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir. Bugünədək Cənab Prezident İlham Əliyevin sərəncamları ilə rayonlarımızın inkişafına milyon manatlarla vəsait ayrılıb ki, bu vəsaitlərin ayrılması da regionların sosial inkişafında mühüm rol oynayıb. Sirr deyil ki, regionların inkişafı üçün rayonlarımızda bir sıra zavodlar və fabriklər açılıb. 



Yeri gəlmişkən qeyd edək ki, hələ 2003-cü ildə Prezident seçilən İlham Əliyev regionların inkişafı ilə məşğul olacağını, bunun üçün səylərini əsirgəməyəcəyini vəd etmişdi.



Bu vədini unutmayan Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxış edərkən onu bir daha xatırladıb və bildirib ki, Azərbaycan iqtisadiyyatı son 15 ildə dünya miqyasında rekord templərlə inkişaf edib.Əlbəttə ki, Azərbaycanda regionların inkişafına yalnız dövlət dəstəyi göstərilmir. Bəzi beynəlxalq qurumlar da ölkəmizdə regionların inkişafında maraqlı olduqlarını bildirir və bunun üçün müxtəlif layihələr icra edirlər. Qeyd edək ki, Avropa İttifaqı 2011-ci ildən Azərbaycanda kənd təsərrüfatı sektorunun və kənd yerlərinin inkişafına 17 milyon avro kredit ayırıb. Bura qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sahələri aiddir. Bugün  işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və inkişafı üçün ciddi işlər həyata keçiriməkdədir. 



Mütəxəssislərin fikrincə, Azərbaycanda aparılan iqtisadi islahatlar regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, yerli və xarici sahibkarlığın, müxtəlif təsərrüfat sahələrinin inkişaf etdirilməsinə yönəldilib.

 

Milli Məclisin sabiq deputatı Nazim Baydəmirli Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda planlı şəkildə Qarabağ iqtisadi zonasının yekun formalaşdırılması gedir. Ekspertin sözlərinə görə, Azərbaycanın Qarabağ regionunun dayanıqlı inkişafı üçün kifayət qədər resurs var:



“Bu gün Bakıda olan əmək haqqı daha yüksəkdir, lakin regionlarımızda əmək haqqı aşağıdır. Belə ki, regionlarda əmək haqqı təqribən 450 manat kimi qiymətləndirilir. Əgər ailədə 1 nəfər işləyirsə və yaşayış minimumu əslində 350 manat civarındadırsa, o zaman bir ailənin saxlanması üçün istehlak qiymətlərini, bahaçılığı nəzərə alsaq, ortalama əmək haqqı regionlarda aşağıdır. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün aqrar sahə sektoru, fermer təsərüfatlarını, sahibkarlığı inkişaf etdirmək lazımdır. Bu da rəqabətli mühitdə ola bilər. Bunun üçün də Azərbaycan hökuməti rəqabət mühitini təmin etməlidir. Maliyyə resurslarına çıxışı asanlaşdırmalı, sahibkarlığa təsirləri azaltmalı, sahibkarlara dəstək verməlidir. Vətəndaşların daha çox pul qazanmasına şərait yaratmalıdır. Ona görə hökumətin qarşısında duran məqsədlər bu olmalıdır. Həm də Qarabağ iqtisadi regionun inkişafı, azad olunmuş torpaqlara vətəndaşların köçürülməsi, onların orada ənənəvi işlərlə məşğul olmasını stimullaşdırmaq lazımdır”.



ReAL partiyasının icraçı katibi Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, regionların inkişafı üçün bugünədək ölkəmizdə bir neçə proqram qəbul olunub:



“Bugünədək ölkəmizdə ən azı dörd proqram qəbul olunub, amma heç bir effekti olmayıb. Yəni, regionların inkişafı üçün artıq o proqramların, iqtisadi addımların effekti yoxdur. Regional inkişafın əsas prinsipi yerli özünü idarəetmə institutlarının təsis olunmasıdır. İcra hakimiyyəti institute ləğvi olmalıdır. Bundan sonra özünü idarə institutları, mer institutu, yerli bələdiyyələrin gücləndirilmiş forması, yəni Türkiyədəki bələdiyyələrə bənzər bələdiyyə institunun yaradılması önəmlidir. Bütün bunlar həm investisiya cəlb etməyə, həm də regionların inkişafına səbəb ola bilər. Yəni, indiki problemin kökü sosial iqtisadi məsələlərdə deyil, idarəetmənin özündən qaynaqlanır. Əgər icra hakimiyyəti institutu qalacaqsa, bələdiyyələrin heç bir funksiyası olmayacaqsa, insanların orada yaşaması üçün yalnız iqtisadi fürsətlərin yaradılması ilə bağlı müəyyən vergi və gömrük güzəştləri tədbiq ediləcəksə bu, digər rayonlardakı kimi effekt verməyəcək. Bir-birini tamamlayıcı layihələr, iqtisadi fürsətlər, idarəetmənin yenilənməsi olmalıdır. Yəni siyasi və iqtisadi addımlar paralel aparılmalıdır”.



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top