Sürücülərin NƏZƏRİNƏ: Yeni parklanma yerləri işinizi asanlaşdıracaq

GÜNDƏM 14 oktyabr 2025, 20:11
"Parklanma bağlı mütəmadi olaraq müxtəlif məlumatlar dolaşmaqdadır. Burada əsas diqqət parklanmanın necə təşkil olunması ilə bağlıdır ki, vətəndaşlar bu xidmətdən məmnun qalsın".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O, bildirib ki, birinci növbədə parklanmanın əsas şərti ondan ibarətdir ki, parklanma edilən nəqliyyat vasitələri öz rentabelliyini qoruyub saxlamalıdır. Yəni parklanma əraziləri daimi olmalı və burada tariflər dəyişkən deyil, sabit olmalıdır".

Ekspert bildirib ki, parklanma üçün istifadə olunan potensial sahələr əsasən insanların həyat tərzinə çevrilmiş ərazilərdir: 

"Ticarət mərkəzləri, tibb və digər xidmət müəssisələri və s. Bu ərazilərdə parklanma qaydaları standart olmalı, vətəndaş isə oraya yaxınlaşarkən standart ödəniş miqdarını bilməlidir. Ödənişlər vətəndaşların məmnunluğunu təmin edəcək səviyyədə olmalıdır. Yüksək tariflər tətbiq olunarsa, bu, ticarət mərkəzlərinin müştəri axınına da mənfi təsir göstərə bilər".

Ekspert qeyd edib ki, ikinci əsas məsələ odur ki, parklanma təşkil edilən ərazilərdə vətəndaşlar öz avtomobillərini kateqoriyalara uyğun yerləşdirə bilməlidir:

"Hər ərazi üzrə parklanmanın standart ölçüləri müəyyən olunmalı və vətəndaşlar bunu əvvəlcədən təxmin edə bilməlidir. Məsələn, avtomobilin ölçüsünə uyğun olaraq müəyyən yerlər ayrılmalı, vətəndaş ora yanaşdıqda yerin mövcudluğu və parklanma müddəti barədə məlumatlı olmalıdır. Bu, həm parklanmanın nizamlı olmasını təmin edəcək, həm də vətəndaşların xidmət səviyyəsini artıracaq. Beləliklə, parklanma sistemində əsas məqsəd sabit, şəffaf və vətəndaşlar üçün əlçatan xidmət təmin etməkdir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 23:56
Top