"Tanınmışlar, məşhurlar efirdə vətəndaş nikahının normal olduğunu deyirler" — AÇIQLAMA

GÜNDƏM 14 oktyabr 2025, 21:52
“Nikahdankənar doğulan hər uşaq cəmiyyətin və dəyərlərin aşınmasının sübutudur. Vətəndaş nikahı adı qədər məsum vəziyyət deyil; nə qədər məsum ad versələr də, bu qeyri-qanuni ittifaqlar nikahdankənar uşaqların statistikasını artırır”.

Bunu Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. O bildirib ki, bizim ölkədə də illərdir müəyyən qüvvələr tərəfindən vətəndaş nikahının təbliğatı aparılır:

“Gənclərin nikaha daxil olmadan birlikdə yaşaması, cinsi münasibətdə olması açıq-aşkar təbliğ edilir, efirlərə vətəndaş nikahından dünyaya uşaq gətirən məşhurlar çıxarılır, vəziyyəti məsumlaşdırmağa çalışırlar. Bunun nəticəsidir ki, vətəndaş nikahı 10 il əvvəl nadir rastlanan vəziyyət idisə, bu gün ölkəmizdə normal qarşılanır. Tanınmışlar, məşhurlar efirdə vətəndaş nikahının normal olduğunu, evli sevgilisindən dünyaya uşaq gətirdiyini deyirlər. Televiziyalar əxlaqsızlığı təbliğ edir — utanmadan, qızarmadan, sanki normalmış kimi. Atasız uşaqlar, anasının himayəsində böyüyən körpələr artır və bu, nikahdankənar doğulan uşaqlar statistikasını faciəvi vəziyyətə gətirib çıxarır”.

Sosioloq qeyd edib ki, bizim cəmiyyətdə ailə qurmaq, evlənmək deyəndə toy edib nümayişkaranə gəlin getmək, gəlin gətirmək başa düşülür:

“Əgər gəlinin belinə qırmızı lent bağladınsa, xonça oynatdınsa, 500 nəfərin önündə toy etdinsə, rəsmi nikaha ehtiyac duyulmur, gənclər özlərini qanuni ailə sayırlar. Ən böyük səhv də buradan başlanır. Gənclər toy edir, bir evdə vətəndaş nikahında yaşamağa başlayır, övladları dünyaya gəlir. Ya uşaq pulu almaq üçün sənədə ehtiyac olanda, ya da uşaq məktəbə gedəndə rəsmi nikah yada düşür. Bu vaxtadək ailədə doğulan uşaqlar qeyri-rəsmi yolla, nikahdankənar doğulmuş hesab edilir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 23:56
Top