Paşinyan Rusiyadan ehtiyat edir — Deputat

REGİON 02 oktyabr 2025, 12:49
“Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyindəki ziddiyyətlər bir daha göstərir ki, Ermənistan rəhbərliyi daxili və xarici təzyiqlər arasında qalıb vahid mövqe sərgiləyə bilmir. Əvvəllər verilən bəyanatlarla indiki açıqlamaları arasında kəskin fərqin olması da təsadüfi deyil. Bu, əslində Ermənistanın qeyri-sabit  siyasətinin bariz nümunəsidir”. 

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Günay Ağamalı deyib. O bildirib ki, Nikol Paşinyan Rusiyanın Ermənistan üzərindəki təsir rıçaqlarından ehtiyat edir:

“Bu təsir mexanizmləri böyük ölçüdə illərdir kök salmış narrativlər fonunda cərəyan edir. Təbii ki, irəlidə Ermənistan üçün daha həlledici dövr yaxınlaşır və baş nazir situasiyanı mümkün qədər öz nəzarətində saxlamağa çalışır. 
Azərbaycan dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi ifadəsi süni şəkildə siyasiləşdirilir. Bizim üçün zəruri olan addan daha çox razılaşmaların işlək mexanizmə çevrilməsidir. Yəni, əsas məqsəd bölgədə yeni reallıqlar fonunda nəqliyyat-kommunikasiya xətlərinin açılması, Azərbaycanın materik hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş - gəlişin təmin edilməsi, regionun iqtisadi inteqrasiyası və əməkdaşlıq mühitinin yaradılmasıdır. Ermənistan isə gah qəbul edib, gah da inkar etməklə özünü dalana salır”.

Deputat son olaraq qeyd edib ki, Paşinyanın gah Moskvadan, gah Qərbdən aldığı təlimatlara uyğun mövqeyini dəyişməsi isə nə Ermənistanın, nə də bölgənin xeyrinədir.  

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 oktyabr 2025, 13:30
Top