“Sülhməramlılar qanun pozuntularını Azərbaycan jurnalistlərindən gizlətmək üçün belə addım atıblar” — Deputat

GÜNDƏM 07 dek 2022, 15:15
“Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının Azərbaycan jurnalistlərini bizim öz ərazimizə buraxmaması hər şeydən öncə sülhməramlıların sülh məramlıdan başqa digər məramlılarla məşğul olduğunun göstəricisidir. Bu, Azərbaycan jurnalistlərinin sülhməramlıların qeyri-sülh məramlılarını ifşa edə bilməsi qorxusuyla əlaqədardır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat əlavə edib ki, jurnalistlər ictimai nəzarətçilərdir və əgər kimsə jurnalistləri fəaliyyət göstərdiyi əraziyə buraxmırsa, demək ki, onların qorxduğu, çəkindiyi hansısa qeyri-qanuni əməllər var. 

“Hər şeydən öncə bu hadisə belə qiymətləndirilməlidir. Digər tərəfdən, Laçın humanitar yolu vasitəsilə Azərbaycana gələn üçüncü, dördüncü, beşinci ölkə vətəndaşlarının Azərbaycana buraxıldığı halda, qeyri- qanuni olaraq missiyadan kənar hərbi silahların, sursatların, Ermənistanda istehsal olunan minalar Azərbaycan buraxıldığı halda, Azərbaycan jurnalistlərinin öz ərazimizə buraxılmaması sülhməramlıların bundan sonrakı fəaliyyəti ilə bağlı Azərbaycandan yeni yanaşma tələb edir. Yəni, onlar öz səlahiyyətlərindən kənar işlərlə məşğul olurlar. Bu əməllərinə görə öz fəaliyyətlərində sülhməramlı olmaları ilə bağlı şübhə yaradırlar. Sülhməramlıların da Azərbaycan ərazisində müvəqqəti fəaliyyəti üçün hüquqi əsas yaradan Üçtərəfli Bəyanatın 7-ci maddəsində göstərilir ki, münaqişəyə qədər Azərbaycan ərazisində yaşamış Azərbaycan vətəndaşları yaşadıqları yerə, yəni Xankəndinə, Xocalıya, Ağdərəyə, Xocavəndə geri qayıtmalıdır. Eyni zamanda, heç şübhəsiz ki, bu kontekstdə Azərbaycan vətəndaşlarının, jurnalistlərinin də ora buraxılması birbaşa sülhməramlı missiyanın vəzifə borcudur. Ona görə də, görünür sülhməramlılar qeyri-sülh məramlarını, yol verdikləri qanun pozuntularını Azərbaycan jurnalistlərindən gizlətmək üçün belə bir addım atıblar. Amma, gec və ya tez onsuz da Azərbaycan jurnalistləri öz ərazilərimizə daxil olacaqlar və sülhməramlıların yol verdikləri qanun pozuntularının hamısını ifşa edəcəklər”. 

Aynurə
Demokrat.az

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top