Müəmmalı şəkildə azadlığa çıxan Salyanlı narkobaronun məsələsi AzTV-də müzakirə olundu — VİDEO

KRİMİNAL 11 noy 2022, 17:42
Bir neçə il öncə evindən külli miqdarda narkotik vasitələr aşkar olunaraq həbs edilən Salyan rayonunun Qaraçala qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlunun 9 il həbs alıb,  bir neçə aydan sonra azadlığa çıxması ilə bağlı məsələ Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Çıxışa doğru" proqramında müzakirə olunub. 

Demokrat.az
xəbər verir ki, verilişdə qonaq olan Ədliyyə Naziri yanında İctimai Komitənin üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bu kimi hallar cəmiyyətimizin inamına ciddi zərər vurduğunu söyləyib:

"Bir hüquq-mühafizə orqanının həbs etdiyi məhkumu başqa bir hüquq-mühafizə orqanı kimdənsə rüşvət alaraq, azadlığa buraxır. Axı bu necə ola ilər? Əgər bir adam narkotacirdirlik edib, bizim minlərlə balamızı zəhərləyirsə, onu necə azadlığa buraxmaq olar? Bu, heç cür mümkün olan məsələ deyil. Belə hallar baş verəndə isə cəmiyyətimizdə inamsızlıq yaranır. Cəmiyyət də elə düşünür ki, narkotacirlərə ölüm yoxdur, heç kəs bunlara toxuna bilmir və s. Bu kimi hallar isə Azərbaycan cəmiyyətinə çox ciddi zərbə vurur, cəmiyyətdə inamsızlıq yaradır. Mən üzümü müvafiq orqanlara və şəxslərə tutaraq demək istəyirəm ki, görün nə qədər təhlükəli vəziyyət yaranıb, Daxili İşlər naziri cəmiyyəti, insanları narkomaniyaya qarşı mübarizəyə çağırır...".

Verilişdə qonaq olan digər çıxışçılar da Azərbaycanda son illər narkomaniyaya yoluxanların sayında artım olmasından danışıblar. 
 


Qeyd edək ki, Salyan rayonu, Qaraçala qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlu 2017-ci ildə külli miqdarda narkotiklə vasitələrlə həbs olunub, onun evinə baxış keçirilərkən, 10 kiloqrama yaxın narkotik maddələr aşkar olunub. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Elşən Məmmədov barəsində 9 il həbs qərarı verilsə də, bir neçə aydan sonra Şirvan Appelsiya Məhkəməsinin qərarı ilə naməlum səbəbdən azadlığa çıxıb. 

Şirvan Appelsiya Məhkəməsinin bu qərarı rayon ictimaiyyəti tərəfindən ikrah hissi ilə qarşılanıb. 
 


Vüqar Ağayev
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top