“Prezidentin Əlcəzairdə çıxışı Fransaya bir mesajdır” — Partiya sədri

GÜNDƏM 02 noy 2022, 21:07
“Dövlət başçısı İlham Əliyevin Əlcəzairə səfəri bir neçə baxımdan diqqəti çəkdi. Ümumiyyətlə, ərəb ölkələri ilə münasibətlərin qurulması, ərəb liqasına daxil olmaq və orada mövqe tutmaq çətin məsələdir. Zaman-zaman ermənilər də ərəb dövlətlərindən bizə qarşı istifadə etməyə çalışıblar. Bir tərəfdən dövlət başçısının səfəri uğurlu addım oldu”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Partiya sədri qeyd edib ki, səfər zamanı cənab İlham ƏIliyev çox yüksək səviyyədə qarşılandı və çıxış etdi:

“Çıxışın məzmunu da çox yaxşı idi. Həm Qarabağla bağlı həqiqətləri ortaya qoydu, ermənilərin cinayətləri ilə bağlı məlumatlandırdı. Həm də ərəb ölkələri ilə  münasibətlərin istiləşməsi baxımından çox əhəmiyyəlidir. Bilirsiniz ki, orada da münasibətlər birmənalı deyil. Hələlik, həmin liqada Türkiyə daimi müşahidəçi statusundadır. Türkiyə ilə Azərbaycan bir yerdə hesab edirəm ki, orada çox işləri həyata keçirə bilərlər”.



Onun sözlərinə görə, Prezident İlham Əliyevin Zirvə toplantısında çıxışı da diqqət çəkib. 

“Belə ki, prezident çıxışı zamanı “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib” deyib.  Bu, siyasi bir mesaj idi. Bilirsiniz ki, Fransa Azərbaycana qarşı indi Avropanın bir ön hissəsi rolunu oynayır. Azərbaycana qarşı iftiralar yaymaqla məşğuldurlar. Bilirsiniz ki, bu yaxınlarda sanksiya məsələsini ortaya atdılar. Ona görə də, Əlcəzairlə bağlı tarixdən də bu məlumdur ki, 1958-59-cu illərdə Əlcəzair əhalisinə qarşı onlar üsyan qaldırdılar. O vaxta qədər də Əlcəzair əhalisi tam şəkildə istismara verdilər və bir neçə dəfə Əlcəzair xalqına qarşı kütləvi qətliamlar törədildi. Bu faktların ortaya qoyulması ki, bu gün siz Azərbaycana qarşı hansısa etmədiyi bir təcavüzlə bağlı, guya Ermənistanın ərazisinə girməsi ilə bağlı mövqe ortaya qoymağa çalışırsınız. Amma bu, ağ yalandır. Azərbaycan 30 il ərzində Ermənistan tərəfindən işğala məruz qalmışdı və bu işğal aradan qaldırıldı. Yəni, faktları bu şəkildə təhrif edirsinizsə, öz tarixinizə bir baxın. Bu çıxış o mənada əhəmiyyətlidir ki, həm Fransaya mesajdır, eyni zamanda Fransa ilə bir yerdə Azərbaycana qarşı iftira, böhtan yaymaq istəyənlərə bir mesajdır. Bu baxımdan hesab edirəm ki, çox əhəmiyyətli bir mövqe və hadisə oldu. Bu istiqamətdə də işlər davam etdirilməlidir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top