“Ekspertiza rəyindəki cizgi filmləri və qadın görüntülərinin mənə aidiyyəti yoxdur” — İlkin

GÜNDƏM 07 sen 2022, 22:44
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Məhkəmədə Süleymanovun telefonundakı görüntülər, onun nələrə baxması haqda ekspertiza rəyi elan olunub. Orada göstərilib ki, Süleymanov cizgi filmlərinə, müxtəlif qadınların fotolarına, şirniyyatlarla bağlı videolara və s. baxıb. Diqqətçəkən məqam isə 8 yanvarda çılpaq qadın və transseksuallara baxması haqda rəydə yazılanlardır. Rəyə əsasən, yanvarın 8-də saat 11:50 radələrində həmin görüntülərə baxılıb.

“Bu adam saat 10:00-dan 14:00-a qədər müstəntiqə ifadə veribsə, həmin görüntülərə necə baxıb? Ya belə çıxır ki, müstəntiq onu dindirəndə birlikdə baxıblar, ya da İlkindən gizli şəkildə polislər özləri girib o görüntülərə baxıblar. Bunun başqa yolu yoxdur. Bu nə oyundur?!”, – vəkillər belə deyir.

Müdafiə tərəfi hesab edir ki, Süleymanovun telefonundan məqsədli şəkildə cizgi filmlərinə, çılpaq qadın görüntülərinə baxılıb. Məqsəd isə gələcəkdə bundan sübut kimi istifadə edib, onun şəxsiyyəti ilə bağlı yanlış rəy yaratmaq olub. Vəkillərin fikrincə, o telefondan cizgi filmlərinə baxmaqda məqsəd isə Nərmini saxladığı müddətdə ona cizgi filmləri göstərməsi arqumenti formalaşdırmaq olub.
“Əsas məsələlərdən biri də budur ki, heç telefonun götürülməsi haqda protokol da yoxdur. Telefon şəxsi əşyadır. Ona baxış şəxsi həyata müdaxilədir və bunun üçün mütləq məhkəmə qərarı olmalıdır. Yoxdur belə bir qərar da, protokol da...”, – vəkil Əlibaba Rzayev bildirib.

Süleymanov deyib ki, yanvarın 6-da saat 20:00 radələrində hadisə yerinə gələn polislər yanğını ilk görən və hadisəni telefonla videoya çəkən şəxs kimi onu götürüb Tovuz rayon Polis Şöbəsinə aparıblar. Həmin vaxt da telefonunu alıblar. Bir daha nə telefonu qaytarılıb, nə də özü buraxılıb.

“Ekspertiza rəyindəki cizgi filmləri, uşağa aid materiallar, qadın görüntülərinin mənə aidiyyəti yoxdur. Mən onlara baxmamışam. Aşıq Telliyə baxmışam, arxitektura ilə bağlı videoya baxmışam. Yanvarın 6-da saat 19:38-də sonuncu dəfə əmim oğlu Murada zəng eləmişəm. Ondan sonra mənim telefonuma gələn və gedən zənglərin mənə aidiyyəti olmayıb”, – bunu isə Süleymanov özü deyib.

Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top