Qaliblər mükafatlandırıldı — FOTOLAR

GÜNDƏM 05 iyl 2022, 17:36
İyulun 5-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının qərargahında Xətai Rayon İcra Hakimiyyətinin və  YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Xətai rayonu ərazisində  orta ümumtəhsil məktəblərinin şagirdləri arasında  ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan minifutbol və  şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi  keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qalibləri təbrik edərək  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bugünümüz üçün yaratdığı möhkəm təməldən geniş söz açıb: «Xoşbəxt gənclərsiniz ki,  ulu öndər Heydər Əliyevin yenidən qurduğu, dövlət başçısı İlham Əliyevin təkmil islahatları ilə  sürətlə inkişaf etdirdiyi, innovasiyalar ölkəsinə çevirdiyi qalib Azərbaycanın vətəndaşlarısınız. Bu gün harada yaşamasından asılı olmayaraq  hər bir azərbaycanlı tarixi Zəfərimizin qürurunu yaşayır, böyük Qələbəmizin  yaratdığı reallıqların fonunda Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır.  Bu ilin mühüm hadisələri sırasında yer alan  Dünya Azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayı bir daha xalqımızın yenilməzliyinin, məğrurluğunun bütün  dünyaya təqdimatı oldu. Nailiyyətlərimizin zirvəsində  tarixi Zəfərimizin əsasında ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və hazırda bu xəttin Prezident, qalib Sərkərdə cənab İlham Əliyevin uğurla davam etdirməsi dayanır. Qarabağ Zəfəri gənclərimizin torpaq, Vətən sevgisinin təqdimatı oldu. Azərbaycanın vətənpərvər oğulları qanları, canları ilə tarix yazıb 44  gündə 30 ilin işğalına son qoydular.»

Vüqar Rəhimzadə bildirib ki,  ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü məhz bu tarixi Qələbə ruhunda qeyd etdik. Bununla bağlı  rayon ərazisində Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə  təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. Minifutbol və şahmat  turniri də bu tədbirlər sılsiləsindən idi.

YAP Xətai rayon təşkilatının sədri  məktəblilər arasında keçirilən bu yarışın  əhəmiyyətindən,  Heydər Əliyev ideyalarının təbliğində rolundan  geniş bəhs edərək bildirib ki, idmana diqqət və qayğı Ümummilli Liderin  siyasətinin əsas tərkib hissəsi idi: «Ulu öndər Heydər Əliyev gənclərimizin   sağlam ruhda böyüməsinə çağırışlar edir, idmanın da bir siyasət olduğunu  bildirirdi. Bu baxımdan ki, idman meydançalarında qazanılan hər bir  qələbə Azərbaycan bayrağının yüksəklərdə  dalğalanmasına, Azərbaycanın Dövlət Himninin səsləndirilməsinə  yol açır. Bu da nəticə etibarı ilə  ölkəmizin beynəlxalq arenada təqdimatı, milli qürurumuz və milli kimliyimizdir. Eyni zamanda, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki,  üçrəngli bayrağımız  azad Qarabağda, o cümlədən azad Şuşada dalğalanır.»

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov  məktəbliləri qazandıqları qələbə münasibətilə təbrik edib və onlara uğurlarının davamlı olmasını arzulayıb: «Ulu öndər Heydər Əliyevin adı ilə bağlı  tədbirin iştirakçısı olmaq, bu dahi şəxsiyyətin əziz xatirəsinə həsr edilən   yarışda uğur qazanmaq böyük xoşbəxtlikdir. Ümummilli Lider daim  Azərbaycan gəncliyinin bu günü və gələcəyi üçün çalışırdı.  Onun hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək gənclərə diqqət və qayğının  həyata keçirilən siyasətin önündə dayandığını görərik. Ulu Öndərin əsas tövsiyələrindən  biri onların mükəmməl təhsilə, biliyə, savada malik olmaları, yüksək ixtisaslı kadr kimi yetişib Azərbaycanın gələcək inkişafına  öz töhfələrini vermələri idi. Bununla bərabər, Ulu Öndər  gənclərin sağlam olmasını da əsas  məsələ kimi öndə saxlayırdı. Ulu öndər Heydər Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğı bugünümüzün reallıqlarında öz əksini tapır.»

E.Əhmədov vurğulayıb  ki, bu gün Heydər Əliyev siyasətinin uğurlu davamı bütün sahələrdə, o cümlədən idmanda özünü aydın şəkildə göstərir: «Dövlət başçısı İlham Əliyevin mütəmadi olaraq beynəlxalq  yarışlarda  qalib gələn  idmançılarımızı qəbul etməsi,  qalib ölkənin vətəndaşları kimi onların  qarşılarında  dayanan vəzifələrdən bəhs etməsi qürurvericidir. Bu fikir daim diqqətə çatdırılır ki,  44 günlük Vətən müharibəsinə qədər keçirilən  beynəlxalq idman yarışlarında  Azərbaycanı təmsil edərkən əsas məqsəd  qalib gəlmək, bayrağımızın yüksəklərdə dalğalanmasına nail olmaq idisə, idmançılarımız  bu gün artıq ikiqat məsuliyyət daşıyırlar. Çünki onlar  qalib ölkəni təmsil edirlər. Bu Zəfəri  daim qorumalı,  qalib Azərbaycanın uğurlarının təbliğinə  hər birimiz öz töhfəmizi verməliyik.»

Xətai Rayon İcra Hakimiyyətinin  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov bu arzu ilə məktəblilərə müraciət edib ki, dünya arenasında ölkəmizi təmsil edib, Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldırsınlar. Bunun üçün ölkəmizdə həm idmanın inkişafına böyük dəstək var, həm də Azərbaycan gəncələri  vətənpərvər, torpağına bağlı gənclərdir.

Anar Məmmədov bildirib ki, bu gün  hər birimiz qalib Azərbaycanımızla  qürur duyur, ulu öndər Heydər Əliyevin siyasətinin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan naillyətlərin davamlılığına töhfələr verməyə səy göstəririk: «Bu gün Azərbaycana hansı istiqamətdən  baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Artıq azad Qarabağımızın, Şərqi Zəngəzurun cənnətməkana çevrilməsi içtiqamətində  böyük quruculuq işləri həyata keçirilir.  Bu gün  azad Şuşamız  beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün  əsas məkan seçilir. Butün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir.»

Sonda minifutbol və  şahmat turnirinin qaliblərinə hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.    



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top