“Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi üçrəngli bayrağımız bu gün azad Şuşada dalğalanır”

GÜNDƏM 28 may 2022, 16:05
“2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nun qəbul olunmasından sonra 28 may tarixini ilk dəfədir  Müstəqillik Günü kimi  qeyd edirik. 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Azərbaycanın müstəqillik tarixinin  məhz 1918-ci ildən başlandığı nəzərə alınaraq 28 may tarixinin Müstəqillik Günü kimi qeyd olunması bir zərurət kimi özünü təsdiqlədi. Eyni zamanda, bu məqamı da xüsusi qeyd etməliyik ki, 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm  Zəfərimizin yaratdığı reallıqlar bir çox tarixi hadisələrin qeyd olunduğu günlərdə düzəlişlərə böyük ehtiyacın olduğunu şərtləndirdi. Bu sırada 18 oktyabr tarixinin Müstəqilliyimizin Bərpası Günü, 28 may tarixinin isə Müstəqillik Günü kimi qeyd olunması barədə qərarın qəbulu zəruri addım hesab edilməlidir.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin  yaradılmasının 104-cü ildönümünü qeyd edirik. 104 il keçilən yolun zənginliyi, Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun təsdiqi  baxımından olduqca diqqətçəkən bir dövrdür. 1918-ci il mayın 28-də yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Məlum səbəblərdən olduqca az ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Demokrat.az-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə  ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunmasında tarixi xidmətləri sırasında  Onun  təşəbbüsü və rəhbərliyi ilə  1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin sessiyasında Azərbaycan  Xalq Cümhuriyyətinin bayrağının qaldırılmasından və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirilməsindən, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın ölkənin rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılmasından, o dövrdəki Azərbaycan rəhbərliyinin 1991-ci il fevralın 5-də belə bir qərar qəbul etməyə məcbur olmasından, ümumilikdə  dahi rəhbərin Cümhuriyyət irsinin rəsmiləşdirilməsi istiqamətində biri-birindən önəmli addımlarından bəhs edib: “Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illəri ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları, həmçinin həmin dövrdə Silahlı Qüvvələrin  torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının  müdafiəçisinə çevrilməsi ucbatından xaos, anarxiya dövrü kimi xarakterizə olunur. Həmin illərdə Azərbaycan  müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Azərbaycan 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasətin nəticəsində yenidən qurularaq özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, tarixinə sahib çıxan xalq  məğlubedilməzdir: “Müasir müstəqil  Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi  müstəqillik yolumuzu tarixi paralellər fonunda təhlil etməyə, indiki və gələcək nəsillərə çatdırmağa, Cümhuriyyət qurucularının zəngin fəaliyyətlərinin təbliğinə geniş imkanlar yaratdı. Müstəqiliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin bu fikrinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Gerçək müstəqilliyimizin  banisi ulu öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında müstəqillik yoluna qədəm qoydu. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdilər. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, dəmir iradəsi, xalqın Ulu Öndərə olan sevgisi, rəğbəti Azərbaycanı  müstəqillik yoluna çıxardı, onu dönməz və əbədi etdi. Biz də hazırda Ümummilli Liderimizin dahiyanə uzaqgörənliklə əsasını qoyduğu bu müstəqil yol ilə gedirik və bundan sonra da gedəcəyik.”

“Azərbaycanın bu gün hər sahədə qazandığı uğurlar, əldə etdiyi təcrübə göz önündədir” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, hərtərəfli inkişaf, müstəqilliyin möhkəmləndirilməsi  üçün ölkədə sabitliyin rolu inkaredilməzdir: “Azərbaycanda sabitlik təmin edilir, xalqımız təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək. Hazırda Azərbaycanın adı dünyanın xoşbəxt, islahatçı ölkələrinin sırasında çəkilir. İqtisadi imkanlarını günbəgün genişləndirən ölkəmizin beynəlxalq nüfuzu artır, Azərbaycan dünyada  əsl söz sahibinə çevrilir. Azərbaycanda sabitliyin, iqtisadi inkişafın davamlılığı yeni-yeni hədəflərə yol açmaqla yanaşı, ölkəmizin yeni-yeni tərəfdaşlar qazanmasına da stimul verir. “Əsrin müqaviləsi”nin  davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təsdiqidir. Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amildir. Son 18 ildə qazanılan uğurların zirvəsində ərazi bütövlüyümüzün təmin olunması dayanır. Bu, Heydər Əliyev siyasətinin  təntənəsidir.  Möhkəm təməl uğurlara geniş yol açır, dövlətin, xalqın gələcəyini müəyyənləşdirir. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsi  104 ilin zirvəsindən bugünümüzə baxanda  qazandığımız uğurların ümumiləşdirilmiş ifadəsi kimi qeyd edilir. Ulu Öndərin ölməz ideyalarına sadiq qalaraq hər bir hədəfə yüksək səviyyədə nail olan Azərbaycan xalqı bu gün müstəqilliyinin dönməzliyindən, ərazi bütövlüyünün təmin olunmasından misilsiz  qürur hissi keçirir.”

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da fəxrlə qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi üçrəngli bayrağımız bu gün azad Qarabağda, azad Şuşada dalğalanır: “Bu il, həmçinin  Azərbaycanın  Müstəqillik Gününü  dost, qardaş Türkiyə ilə birlikdə qeyd etməsi çağdaş tariximizə çox mühüm hadisə kimi daxil  olacaqdır.  2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilmiş hərbi paradda, həmçinin 2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradında olduğu kimi, builki tədbirlərdə də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakları dünyaya növbəti  mesajdır. Bu dostluq, qardaşlıq sarsılmazdır, dünyaya nümunədir. Qarşıdakı illərdə Azərbaycan-Türkiyə müttəfiqliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək daha möhtəşəm addımlar atılacaq, yenə də “Biz hər zaman bir yerdəyik” deyəcəyik.  Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı  işğaldan azad edilmiş ərazilərimizin bərpasında da özünü aydın şəkildə göstərir. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri belə deməyə tam əsas verir ki, tezliklə Böyük Qayıdışın sevincini qardaş Türkiyə ilə birlikdə yaşayacağıq.”

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin və  birinci xanım Mehriban Əliyevanın bu günlərdə  Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri çərçivəsində   Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirakdan sonra    dövlət başçısının Ağalı kəndinin sakinləri ilə görüşündə söylədiyi  “Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq” fikirlərini 104 illik yolun təqdimatı və təsdiqi kimi dəyərləndirib.

Rza
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top