Bakı küçələri qumar meydanını xatırladır — “Poz, qazan”la bağlı SƏRT AÇIQLAMA

GÜNDƏM 22 may 2022, 21:58
"Bakı şəhərində apardığım monitorinq məni dəhşətə gətirdi. Küçələr qumar meydanını xatırladır… Təkcə "28 may" metrostansiyasının çıxışında və ətrafında, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında 17 ədəd “Poz,qazan” ani loteriyasının pərakəndə satış məntəqələrini gördüm. Hər birinin də ətrafında 15-20 nəfər toplaşaraq həyatlarını dəyişəcəyinə, bir günün içində ev, maşın, pul sahibi olacağına ümid edir, qazanan isə, əlbəttə ki, "Azərlotoreya"dır! İnsanların cibinə ümid və saf duyğularından istifadə edərək girilir. Məni dəhşətə gətirən insanların sadəlöhvlüyü, səmimiyyəti deyil, satış məntəqələrinin ətrafında toplaşan insanlar arasında yeniyetmələrin çoxluq təşkil etməsi oldu. Təsəvvür edin, “piştaxta"ların sahibləri üçün lotoreyanın kimə satılması önəmli deyil, önəmli olan lotoreyaların satılmasıdır…"

Demokrat.az
-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

A.Şakiroğlu qeyd edib ki, küçə ticarətinə göz yumulur:

"Başqa vaxt alma-armud, tum və sair kimi xırda ticarətlə məşğul olan, ailələrinə çətinliklə pul aparmaq istəyən şəxslərə mane olan, cərimə yazan və digər qanuni tədbir görən dövlət qurumları bu mənzərəyə seyrçi qalır. Dəhşətlərə "dur" demək bu qədərmi çətindir? Doğrudur, "Azərlotoreya"nın fəaliyyəti leqaldır. Amma hər bir işin həddi-hüdudu və qaydaları var axı. Leqaldır deyə hərə bir taxta oturacaq düzəldərək insanları qumara sövqmü etməlidir? Metroların giriş və çıxışlarında, insanlar çox olan yerlərdə "Azərlotoreya"nın əməkdaşları hərəsi bir stol qoyaraq satışmı etməlidir? Bunu sivil qaydada təşkil etmək mümkün deyilmi? Olmazmı ki, bu günə qədər olduğu kimi köşklərdə satılsın. Mütləqdirmi gənc nəslin, yeniyetmələrin tərbiyəsinin pozulması üzərində belə iş təşkil edilsin? Nə qədər gec deyil, bu biabırçılığın qarşısı mütləq alınmalıdır…"

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top