Jurnalistlərə Həsən bəy Zərdabi mükafatı təqdim edilib — FOTOLAR

MEDİA 18 iyul 2025, 21:52
İyulun 18-də Azərbaycan Jurnalistlər Birliyində (AJB) Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə Həsən bəy Zərdabi mükafatının təqdimat mərasimi keçirilib.

Bu il mükafat 15 media nümayəndəsinə verilib.

Belə ki, 2025-ci il üçün Həsən bəy Zərdabi mükafatına Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasov, Azərbaycanın ilk veb-saytı olan science.gov.az-ın baş redaktoru, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova, “İdman TV”nin baş redaktoru Aydın Əliyev, Qafqaz TV-nin direktoru Eltən Qədimbəyli, Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mətbuat katibi Zeynəb Kazımova, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mətbuat katibi Mətin Məcidli, “Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli, “Yeniçağ.Ru” informasiya-analitik saytının əməkdaşı Cəmilə Çebotareva, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident mükafatçısı, nəğməkar şair  və jurnalist  Fuad Biləsuvarlı, hərbi jurnalist Seymur Kazımov, araşdırmaçı-jurnalist  Hafiz Əhmədov, CBC kanalının əməkdaşı Oksana Vəliyeva, jurnalist-publisist Ramilə Qurbanlı, AYB-nin üzvü, təcrübəli jurnalist Nəzakət Əhmədova və minval.az saytının redaktoru Ramella İbrahimxəlilova layiq görülüblər.

Mükafatları AJB-in sədri, “Ayna-Zerkalo” qəzetinin rəhbəri Elçin Şıxlı və Əməkdar jurnalist, professor Qulu Məhərrəmli təqdim ediblər.

Təltif edilən media nümayəndələri Azərbaycan Jurnalistlər Birliyinə təşəkkür ediblər.

Jurnalistlər belə bir mükafata layiq görülmələrinin onlar üçün sevindirici olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, Həsən bəy Zərdabi adına mükafat jurnalistlər üçün təsis edilən ən mühüm mükafatlardan biridir.

Mükafatlandırma mərasimində, həmçinin Azərbaycan Jurnalistlər Birliyinin yeni üzvlərinə vəsiqələr təqdim olunub.

Xatırladaq ki, jurnalistika sahəsində həm adı, həm də nüfuzuna görə sanballı mükafatlardan biri hesab olunan Həsən bəy Zərdabi adına mükafat 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin sədri, mərhum jurnalist Hacı Hacıyevin təşəbbüsü ilə təsis olunub. Laureatlar Azərbaycan Jurnalistlər Birliyi tərəfindən Milli Mətbuat Günü ərəfəsində seçilir. Bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.








 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top