Bərdədə kişi arvadını dəmir maşa ilə döydü — Təfərrüat

KRİMİNAL 11 may 2022, 11:38
Bərdə rayonunda 1972-ci il təvəllüdlü Rəhim şəxsi münasibətlər zəminində arvadı Nərgizi (adlar şərti verilib – red.) döyüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 28-də rayonun Qəhramanlı kəndində baş verib. 

Rəhim yaşadığı fərdi yaşayış evində Nərgiz ilə mübahisə edib. Mübahisə zamanı arvadını dəmir maşa ilə döyüb. 

İstintaq orqanı tərəfindən Rəhimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Elsun Əhmədovun icraatına verilib. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, maddi imkanları zəif olduğu üçün arvadı Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən çörək bişirmə sexində işləyib: “Biz təxminən 8 ay əvvəl Bərdə şəhərində yerləşən adını bilmədiyim mağazadan kredit vasitəsi ilə televizor götürdük və aylıq 67 manat pul ödənişi etdik”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 28-də onlar yenidən götürmüş olduqları televizora görə 67 manat kredit borcunu ödəməli olublar: “Lakin ödəniş etmək üçün pulumuz olmadı. Həmin gün saat 16.00-da arvadım işdən evə gəldi. Söhbət əsnasında arvadımdan kredit borcunu ödəyib-ödəmədiyini soruşdum. Lakin arvadım almış olduğu əmək haqqısını iş yoldaşına borc verdiyini və buna görə də özündə olan 25 manat pulu kredit borcuna ödədiyini dedi. Buna görə də aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək döşəmənin üzərində olan dəmir maşanı götürdüm, arvadımın başına və sol qoluna qəsdən vuraraq onu döydüm. Arvadımı dəmir maşa ilə bir neçə dəfə vuraraq döydükdən sonra evdən getdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı ilə barışıb, arvadının ondan şikayəti yoxdur. O, barəsində olan cinayət işinə xitam verilməsini istəyib. 

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması nəzərə alıb. 

Bu səbəbdən Rəhimin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top