Bakı küçələrində pantomima — Ferhat günümüzün Çarli Çaplini olmaq istəyir (FOTOLAR)

MƏDƏNİYYƏT 01 may 2022, 13:48
16 yaşından ölkə-ölkə gəzərək öz sənətini nümayiş etdirən, bir kəlmə belə demədən alqış alan küçə sənətçisi, Türkiyəli pantomima ifaçısının növbəti dayanacağı Bakı olub. 

Demokrat.az
Ferhat Kılıçla həmsöhbət olub. Ondan paytaxtımız haqqında təəssüratlarını öyrənib, Bakı sakinlərinin onun sənətinə olan marağını soruşub.

Ferhat bizimlə söhbətə belə başladı:

“13 yaşımdan bəri pantomim sənəti ilə məşğulam. Küçədəyəm. 16 yaşımdan bəri ölkədən xaricə çıxıram. Ölkə-ölkə, şəhər-şəhər gəzib tamaşamı küçədə təqdim edirəm. O zamanlar 13 yaşında ikən çox az şey bilirdim və küçəyə çıxdım, bu işi görə-görə özümü inkişaf etdirməyə başladım. Baxdım ki, bu işə maraq çoxalır, ondan sonra küçələri sevməyə başladım”.

Uşaqlıqdan pantomimaya marağı olan əslən türkiyəli sənətçi küçələri özünə səhnə seçib. Günümüzün Çarli Çaplini olmaq istədiyini deyən Ferhat Kılıç öz ölkəsini gəzib dolaşdıqdan sonra sərhədlər aşmağa başlayıb. Çexiya, Macarıstan, Almaniya, Bolqarıstan da daxil olmaqla, 26 ölkədə səyyar tamaşalar göstərib. Növbəti dayanacağı isə Bakı olub. 

“Bakıdayam. Bir ay daha buradayam. İndi küçələrdə çox gözəl tamaşalar oynayırıq. Pandomim adına, teatr adına, rəqs adına gözəl işlər görürük. Makiyaj edirəm, küçəni hazırlayıram, bir az da səhnə ab-havası qatmağa çalışıram, makiyajı etdikdən sonra, yavaş-yavaş insanlar toplandıqdan sonra tamaşaya başlayıram”.
Hər yaşdan izləyici diqqəti çəkən sənətçi bu qədər maraqla qarşılanacağını düşünməyib. 
“Açığı bu qədər maraq mənbəyi olacağımızı düşünmürdük. Bakı sənət paytaxtı olduğu üçün o qədər də marağın olacağı ağlıma gəlmirdi, amma küçə mükəmməldir. Avropada bu sənətə alışqanlıq olduğundan maraq var, amma buradakı qədər də çox deyil. Məsələn, Bakıda küçədə çox tamaşa olmur deyə, bizə həddindən artıq maraq göstərilir. Yəni, tamaşalar əsasən teatr səhnələrində olur. Açığı, bura gələndə özümü kənar yerdə yox, Türkiyədəki kimi hiss etdim.

Qeyd edək ki, Ferhat Kılıç Bakı Turizm İnformasiya Mərkəzinin “Küçə Sənətçiləri” layihəsi çərçivəsində dəvət olunub. Sənətçini canlı izləmək istəyənlər paytaxtın Nizami küçəsinə baş çəkə bilər.


Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top